Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Ə.Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbi Fortepiano şöbəsinin III sinif şagirdi Məryəm Adıgözəlova Macarıstanın paytaxtı Budapeştdə onlayn keçirilən “Vision Euro Arts” beynəlxalq yaradıcılıq layihəsi çərçivəsində “Best of the best” (“Ən yaxşıların yaxşısı”) müsabiqəsində iştirak edib.

Tofiq Quliyevin "Laylay" əsərinin ifasını təqdim edən M.Adıgözəlova II yerə layiq görülərək laureat adını qazanıb. Müəllimi Raminə Ağayeva isə təşəkkürnamə ilə təltif olunub.

***

Məktəbin V sinif şagirdi Amirə Əliyeva isə ABŞ və Qazaxıstanın birgə təşkilatçılığı ilə keçirilən “Astana Stars” beynəlxalq festivalı çərçivəsində onlayn “Universal Stars Music Festival” II beynəlxalq vokal-instrumental müsabiqəsində uğur qazanıb.

Amirə müsabiqədə fortepiano ixtisası üzrə 11-13 yaş kateqoriyasında L.Şitte, V.Eckstein və M.Mierin əsərlərini məharətlə ifa edərək Qran pri mükafatına layiq görülüb.

Amirənin müəllimi R.Ağayeva münsiflər heyəti tərəfindən diplom və təşəkkürnamə ilə təltif olunub.