Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dizayner tələbələri Biləsuvar şəhərinin timsalında “Şəhər mühitinin dizaynı” layihəsini həyata keçirirlər.

AzMİU-dan bildirilib ki, Mühit dizaynı kafedrasının növbəti kurs işinə həsr olunan real layihədə tələbələr Biləsuvar şəhərinin ən gözəl məkanlarından olan Zəfər parkının dizayn tərtibatını hazırlayırlar. Layihə İtaliya-Azərbaycan Dizayn Mərkəzi və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Mühit dizaynı kafedrasının müəllimləri Sevda Süleymanova və Aytən Şərifovanın rəhbərliyi ilə yerinə yetirilir.

Layihə ilə əlaqədar universitetin müəllim və tələbə heyəti Biləsuvar rayonunda səfərdə olub. Səfər çərçivəsində tələbələr Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla görüşüblər. Dəyirmi masa arxasında keçən görüşdə layihə barədə geniş fikir mübadiləsi aparılıb, universitet tərəfindən irəli sürülən təklif yüksək qiymətləndirilib. Tələbələrə Biləsuvar şəhərinin zəngin tarixi haqqında məlumat verilib. Görüşdə, həmçinin şəhər sakinlərinin asudə vaxtlarının səmərəli təşkili və rahat istirahət etmələrinə hesablanmış layihə barədə məsələlərə toxunulub, görüləcək işlərə aydınlıq gətirilib.

Görüşdən sonra tələbələr müəllimləri ilə birgə həmin məkana baxış keçirib, ilkin araşdırma işləri görüblər. Onlar məkanla vizual tanışlıqdan sonra müəllimlərin müvafiq təlimatlarına uyğun olaraq fotofiksasiya və ölçmə işlərini aparıblar.

Qeyd edək ki, qrup işi formatında həyata keçiriləcək layihə Mühit dizaynı kafedrası tərəfindən tədris proqramına uyğun olaraq qurulub və yaz semestri ərzində yekunlaşdırılması nəzərdə tutulur.