Martın 8-də Gəncə şəhərindəki “Gəncəland” attraksionlar parkında Rusiyanın ən böyük stasionar şapito-sirki – “Svetnoy bulvarda” Moskva Nikulin Sirkinin “Əfsanəvi sirk” adlı yeni şou-proqramı təqdim ediləcək.

Proqramın təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası, Dünya Sirk Sənəti Festivalının laureatı Allahverdi İsrafilovdur.

Təşkilatçı deyib ki, moskvalı qonaqların hazırladığı proqram tamaşaçılara heyrətamiz hisslər bəxş edəcək ki, bu da hər kəsdə parlaq xatirələr və unudulmaz təəssüratlar yaradacaq.

Onun sözlərinə görə, ənənəvi olaraq ilk tamaşa valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid ailələrinin övladları və Qarabağ müharibəsi veteranları üçün təşkil ediləcək.