Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsində görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi akademik Həmid Araslının anadan olmasının 115 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

AMEA-dan bildirilib ki, “Akademik Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusundakı elmi-praktik konfrans Gəncə Şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Gəncə bölməsi tərəfindən təşkil olunub.

Konfransın işində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin başçılığı ilə nümayəndə heyəti iştirak edib. Bakı, Gəncə və respublikamızın digər şəhərlərinin elm və təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılarla yanaşı, konfransa Özbəkistanın Daşkənd Dövlət Dil və Ədəbiyyat Universitetinin nümayəndələri da qatılıblar.

Tədbir iştirakçıları Gəncə şəhərinin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, müasir dövlətçiliyimizin banisinin xatirəsinə ehtiramlarını bildirib, dahi şəxsiyyətin heykəlinin önünə gül dəstələri qoyublar. Sonra iştirakçılar Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Bəşəriyyətin dahi fikir adamı və şairinin son mənzili, eləcə də onun bu ərazidə dəfn olunan ata-anasının və yaxınlarının qəbirləri ziyarət olunub.

Qonaqlar Nizami Gəncəvi Muzeyində də olub, burada saxlanılan qiymətli eksponatlara baxıblar. AMEA rəhbərliyi tərəfindən Nizami Gəncəvi Muzeyinə akademik Həmid Araslının böyük şairimiz Füzulinin yaradıcılığına həsr olunan tədqiqatlarına dair kitab hədiyyə olunub.

İclasdan əvvəl qonaqlar AMEA Gəncə Bölməsində işıq üzü görmüş elmi nəşrlərdən ibarət sərgiyə baxıblar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

AMEA-nın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev konfransın işinə qatıldıqlarına görə AMEA-nın prezidenti akademik İsa Həbibəyliyə, digər tanınmış alimlərə, eləcə də özbəkistanlı qonaqlara Gəncənin elmi ictimaiyyəti adından minnətdarlığını bildirib.

Akademik İsa Həbibbəyli ölkə rəhbərinin Sərəncamı ilə böyük şairimiz Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsinin məhz azərbaycançılıq işığında həyata keçirildiyini vurğulayıb. O, akademik Həmid Araslının füzulişünaslığımızın başlanğıcında durduğunu qeyd edib.

İsa Həbibbəyli Həmid Araslının nizamişünaslığın əsasını qoyduğunu da xatırladıb və qeyd edib ki, Nizaminin Azərbaycan şairi olmasını alim 50 il bundan qabaq yazdığı “Şairin həyatı” kitabında sübut edir və bu əsər müasir tədqiqatlar üçün də mötəbər mənbədir. O, Həmid Araslının Türk dünyasının böyük şairi Əlişir Nəvai yaradıcılığı ilə bağlı araşdırmalarını nəvaişünaslığın bünövrəsi kimi dəyərləndirib və bu əməyinə görə, alimə Özbəkistanın Əməkdar elm xadimi adı verildiyini xatırladıb.

AMEA rəhbəri Azərbaycan və Özbəkistan alimlərinin bu xüsusda əməkdaşlığını yüksək qiymətləndirib, xüsusən Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin Özbəkistandakı həmkarları ilə əlaqələrinin təqdirəlayiq olduğuna diqqət çəkib. O, Gəncə bölməsində də Əlişir Nəvai Mərkəzinin yaradılmasının məqsədəuyğunluğunu bildirib.

Görkəmli ədəbiyyatşünas alim Həmid Araslının xalqımız üçün ən böyük xidmətlərindən birinin “Kitabi-Dədə Qorqud”u nəşr etdirməsi və bu eposun araşdırması olduğunu xüsusi vurğulayan akademik İsa Həbibbəyli Gəncə bölməsində akademik Fuad Əliyevin rəhbərliyi ilə aparılan tədqiqatlara, elmi nəşrlərə, keçirilən tədbirlərə görə Bölmə əməkdaşlarına təşəkkür edib.

Akademik İsa Həbibbəyli ölkə rəhbəri tərəfindən görülən tədbirlər sayəsində dahi şəxsiyyətlərimizin irsinin yeni baxışla xalqımıza çatdırmağın milli-mənəvi intibaha xidmət edəcəyini qeyd edib. Bu xüsusda o, AMEA tərəfindən Həmid Araslının Füzuli yaradıcılığına dair kitabının yeni nəşrini yüksək dəyərləndirib və həmin kitabın nüsxələrini Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevə və AMEA Gəncə bölməsinin sədri akademik Fuad Əliyevə və Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarova hədiyyə edib.

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov çıxışında özbək xalqının Azərbaycana, Nizami yurduna məhəbbətini çatdırıb. O, böyük Nizaminin məqbərəsinin ziyarətindən qürur duyduğunu deyib. Şuxrat Siracəddinov Həmid Araslının adının özbək alimləri üçün də çox əziz olduğunu bildirib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxışında Həmid Araslını böyük Füzuli tədqiqatçısı kimi xarakterizə edib. O, qeyd edib ki, hazırda 10 cildlik “Azərbaycan ədəbiyyatı tarixi” hazırlanarkən Həmid Araslı da mənən yaşayır və 115 yaşında bir gənc kimi, alimlərimiz üçün örnəkdir.

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru professor Nozliya Normuradova, Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Zəhra Allahverdiyeva, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi Gülbahar Aşurova, Gəncə Dövlət Universitetinin müəllimi Cahan Ağamirov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Hürnisə Bəşirova çıxış edərək böyük ədəbiyyatşünas alim Həmid Araslının Azərbaycan ədəbiyyatşünaslıq məktəbinin formalaşmasındakı rolundan söhbət açıblar.

Böyük alimin övladı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri professor Nüşabə Araslı çıxış edərək, ölkə rəhbərinin milli-mədəni dəyərlərimizə diqqəti sayəsində xalqımızın inkişafında rolu olmuş şəxsiyyətlərin irsinə yeni baxışın formalaşdığını diqqətə çatdırıb. O, Həmid Araslının elmi irsinə və şəxsiyyətinə ehtiram və bugünkü dövrün tələbləri baxımından yaradıcı münasibətə görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə, Gəncə bölməsinin sədri akademik Fuad Əliyevə, konfransın iştirakçılarına və qonaqlarına, Gəncə şəhərinin rəhbərliyinə minnətdarlıq bildirib.

Konfransın sonunda qonaqlara Həmid Araslıya həsr olunan konfransın materialları və bu böyük alim haqqında məşhur elm və ictimai xadimlərin fikirləri toplanmış kitablar, həmçinin bu qədim şəhərin tarixi abidələrini əks etdirən tablolar hədiyyə olunub.

Daşkəndli qonaqlar Bölməyə özbək milli rəmzlərinin təsviri olan hədiyyələr təqdim ediblər.

Sonra Gəncə bölməsində Əlişir Nəvai Mərkəzinin yaradılması haqqında AMEA-nın Gəncə Bölməsi və Daşkənd Özbək Dili və Ədəbiyyatı Universiteti arasında memorandum imzalanıb. Sənədi AMEA prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev və Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov imzalayıblar.

Akademik İsa Həbibbəyli Mərkəzin yeni istiqamətlərin müəyyənləşməsinə, birgə tədqiqatların aparılmasına, həmçinin dost ölkələrimiz arasında ədəbi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Akademik Şuxrat Siracəddinov Daşkənddə Nizamişünaslıq və Füzulişünaslıq, Bakıda Nəvaişünaslıq mərkəzlərinin fəaliyyət göstərdiyini, indi isə bu yöndə Gəncədə addımlar atıldığnı qeyd edib və söz