Martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı təşkil ediləcək.

DİM ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2 nömrəli tam orta məktəbi, Zabux kənd tam orta məktəbi və Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli məktəbdə buraxılış imtahanı keçirəcək. Zəngilan rayonunun Ağalı kəndindəki orta məktəbdə isə bu il ikinci buraxılış imtahanı olacaq.

Xatırladaq ki, martın 10-da buraxılış imtahanı respublikanın 33 şəhər və rayonunda təşkil olunacaq. Bundan öncə, martın 3-də 30 şəhər və rayonda imtahan keçirilib.