68 ölkədən gənclər arasında azərbaycanlı da var
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) liderlik treninqi proqramı çərçivəsində 68 ölkədən 100 gənci təşkilatın sülh elçisi seçib. Onların arasında Misirdə yaşayan azərbaycanlı gənc Sandi Səlim də var.
Sandi Səlim Qahirədə tibb təhsili alır. O, həmçinin Misirdə patentləşdirilən bir sıra ixtiranın müəllifidir.
Uqandanın Kampala şəhərində gənc sülh elçilərinə sertifikatların təqdim olunması mərasimində çıxış edən ICESCO-nun baş direktoru Salim əl-Malik bildirib ki, bu gənclər münaqişələr və müharibələr şəraitində müsbət dəyişiklikləri təbliğ edən sülh səfirləri olacaqlar. Baş direktor təşkilatın 2025-ci ilə qədər 500 gənc sülh səfirini müəyyən etmək niyyətini də ifadə edib.
Mərasimdə çıxış edən gənc sülh elçiləri öz ölkələrində və müxtəlif beynəlxalq təşkilatlarda bu istiqamətdə səylərini gücləndirəcəklərini bildiriblər, həmçinin sosial mediada sülhün təbliği, ekstremizmin bütün təzahürlərinə qarşı mübarizə sahəsində daha fəal olacaqlarını bəyan ediblər.