2023-cü ildə Əqli Mülkiyyət Agentliyi tərəfindən 386 müəllifin (hüquq sahibinin) 713 əsəri qeydiyyatdan keçirilib. Bu, 2022-ci illə müqayisədə 20 faiz çoxdur. O cümlədən, 324 müəllifin 626 əsəri “Elektron xidmət” bölməsi vasitəsilə qeydiyyata alınıb.

Bu barədə Əqli Mülkiyyət Agentliyinin məlumatında bildirilir.

Ötən il Əqli Mülkiyyət Agentliyində əlaqəli hüquqların obyektləri kimi 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18 kompüter proqramı) qeydiyyata alınıb.

Ümumilikdə isə əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyə qədər 16 minə yaxın əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.

Əqli Mülkiyyət Agentliyi müəlliflərə (hüquq sahiblərinə) xatırladır ki, əsərə olan hüquqların qorunması və müdafiəsi üçün ən etibarlı vasitə onların qeydiyyata alınmasıdır. Agentlik tərəfindən qeydiyyat prosesinin asanlaşdırılması üçün hər cür şərait yaradılıb. Müəlliflər (hüquq sahibləri) agentliyə gəlmədən “Elektron hökumət” portalı vasitəsilə əsərlərini qeydiyyatdan keçirmək imkanına malikdirlər.