İsveçin “Diplomatic World Sweden” nəşrinin saytında bu il mayın 1-dən 3-dək Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məqalə dərc edilib.
“Diplomatic World Sweden” internet nəşri siyasətçilər və xarici ölkələrin İsveçdəki səfirliklərinin əməkdaşları üçün nəzərdə tutulub. Saytda müsahibələr, reportajlar, fotoşəkillər və video formatında materiallar təqdim olunur, əsas diqqət milli bizneslər, ictimai təşkilatlar və media qurumları, eləcə də yayım platformaları və sosial media ilə tərəfdaşlığa yönəldilib.
“VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” sərlövhəli məqalədə beynəlxalq ictimaiyyət üçün konstruktiv dialoq və əməkdaşlıq imkanları yaradan Bakı tədbirinin keçirilməsinin vacibliyi qeyd olunur.
Müəllif yazır: “Mədəniyyətlərarası dialoq müxtəlif qitələrin və sivilizasiyaların kəsişməsində yerləşən, strateji coğrafi mövqeyi, eləcə də müstəqillik qazandıqdan sonra güclü çoxmillətli və çoxkonfessiyalı birgəyaşayış ənənələri əsasında mədəniyyətlərarası və dinlərarası əməkdaşlığı təşviq edən Azərbaycanın xarici siyasət prioritetinin başlıca istiqamətlərindən biri olub. Bu tədbirlərin təşkili Azərbaycanı əlverişli qlobal platformaya çevirib”.
Məqalədə müəllif Heydər Əliyev Mərkəzində keçirilən Təşkilat Komitəsinin ilk iclası haqqında da məlumat verib. O qeyd edib ki, həmin tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis edilmiş “Bakı Prosesi” çərçivəsində keçirildiyini bildirib. Artıq altıncısı keçiriləcək bu mötəbər beynəlxalq tədbir mühüm müzakirələrə və fəaliyyətə təkan verib.