Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 10 Mart – Milli Teatr Günü münasibətilə virtual və ənənəvi kitab sərgilərini təqdim edib.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə xalqımızın böyük mədəni nailiyyəti olan peşəkar milli teatrın yaranması və inkişafı mərhələləri haqqında məlumat, Ümummilli lider Heydər Əliyevin teatr sənəti haqqında dəyərli fikirləri, Əlamətdar günün qeyd edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamın mətni təqdim olunur.

Virtual sərgidə həmçinin Azərbaycanda fəaliyyət göstərən teatrlar haqqında məlumat verilir, korifey sənətkarların və teatr tamaşalarının foto və videogörüntüləri yer alır. İcmalda “Heydər Əliyev sənət, sənətkarlar və sənətkarlıq haqqında”, “Teatr, zaman və məkan”, “Azərbaycan teatrının estetik prinsipləri”, “Ərəblinski teatrı”, “Dahiliyin sehri”, “Azərbaycan teatr antologiyası”, “Azərbaycan teatr tarixi” kimi 30-dan çox kitabın biblioqrafik təsviri və annotasiyası təqdim edilir.

Gənclər Kitabxanasında "Milli Teatr Günü" adlı ənənəvi kitab sərgisi də təşkil olunub. Burada Azərbaycan teatr sənətinin tarixindən, korifey səhnə xadimlərinin həyat və yaradıcılığından bəhs edilən kitablar, dərsliklər, kitabxana əməkdaşları tərəfindən Milli Teatr Günü ilə əlaqədar hazırlanan biblioqrafik icmal sərgilənir.

Milli Teatr Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.