Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan fəaliyyət göstərən mədəniyyət və təhsil müəssisələrində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə müxtəlif səpkili tədbirlər keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində 319 nömrəli tam orta məktəbin şagirdlərinə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin müəllifi və banisidir” mövzusunda mühazirə oxunub.

Qeyd olunub ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu öndər tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ümummilli liderin hələ 1969-cu ildə sovet Azərbaycanına rəhbərliyə gəldiyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. Bu mənada, Heydər Əliyevin 1993-cü ildə müstəqil Azərbaycana siyasi rəhbərliyə qayıdışından sonrakı dövrdə də ölkəmizdə qadınların aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Ümumiyyətlə, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi Ulu öndərin adı ilə bağlıdır.

***

Binəqədi Mərkəzi Mədəniyyət evində Beynəlxalq Qadınlar Günü münasibətilə konsert keçirilib. İlk olaraq tədbirin aparıcısı bayram münasibətilə xanımları təbrik edib, Azərbaycan qadınının tarix boyu müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanındığını vurğulayıb. Sonra konsert proqramı təqdim olunub. Konsertdə Mədəniyyət evi solistlərinin və “Pöhrə” rəqs qrupunun təqdim etdiyi nömrələr maraqla qarşılanıb.

***

Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbində keçirilən konsertdə təhsil ocağının müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə səsləndiriblər.

***

A.Məlikov adına 11 nömrəli Musiqi məktəbində qadınların bayramı münasibətilə konsert keçirilib. Məktəbin aşağı sinif şagirdlərindən ibarət xoru və müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

***

S.Rüstəmov adına 13 nömrəli Uşaq musiqi məktəbində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı təqdim edilib. Öncə Beynəlxalq Qadınlar Gününün tarixi haqqında məlumat verilib, bu bayramın respublikamızda da təntənəli şəkildə qeyd olunduğu bildirilib. Sonra şagirdlərin ifasında təqdim olunan konsert alqışlarla qarşılanıb.