Gürcüstanda aşıq və saz sənətinin, eləcə də bu ölkədə yaşayan azərbaycanlıların mədəniyyətinin, adət-ənənələrinin inkişafı və daha yaxşı təbliği məqsədilə "Saz" sənədli filmi çəkilib.

Martın 11-də filmin təqdimatı olub.

Filmin ərsəyə gəlməsində böyük əməyi olan azərbaycanlı aşıq Nargilə Mehdiyeva qeyd edib ki, film çəkilişlərinə bir il vaxt sərf olunub. Filmin yaradıcı heyəti bu müddət ərzində Gürcüstanın bütün regionlarını qarış-qarış gəzib. Paytaxt Tbilisi ilə yanaşı, regionlarda yaşayan azərbaycanlıların zümzümələri, rəqsləri və mədəniyyətimizə aid bütün detallar filmdə öz əksini tapıb.

Filmə baxanlar Gürcüstanda yazıb-yaratmış ustad aşıqlarımız, hazırda bu sənəti yaşadan aşıqlar, eləcə də yerli azərbaycanlıların həyat tərzi, öz adət-ənənələrini qoruyub saxlamaq üçün gördükləri işlər barədə dolğun məlumat əldə edirlər.

N.Mehdiyeva söyləyib ki, Gürcüstanda yaşayan azərbaycanlıların tarixi, musiqisi, mədəniyyəti, adət-ənənələrinin tanıdılması üçün ilk dəfədir belə bir layihə həyata keçirilib.

Sənədli filmdə, həmçinin ustad aşıqlar Xan Kamandar, Hüseyn Saraclı və digərlərinin həyat və yaradıcılığından bəhs edilir.

Filmin Azərbaycanda və Türkiyədə də təqdimatının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə Gürcüstan Folklor Mərkəzinin dəstəyi ilə həyata keçirilib. Layihənin rəhbəri Sandro Natadze, filmin rejissoru isə Levan Padaraiadır.