Azərbaycan mədəniyyəti ilə bağlı nümunələr də qorunur

 

Tbilisinin mərkəzində yerləşən, Azərbaycan mədəniyyəti, incəsənəti və xalq yaradıcılığı nümunələrinin də qorunduğu Gürcüstan Dövlət İpək Muzeyində təmir işləri tezliklə başa çatacaq.

Bu barədə jurnalistlərə açıqlamasında Tbilisinin meri Kaxa Kaladze bildirib.

Mer muzeydə həyata keçirilən təmir işləri ilə tanış olub, lazımi tapşırıqlar verib.

Qeyd edək ki, İpək Muzeyi Gürcüstanın ən qədim muzeylərindən biridir. Burada təmir işləri 2021-ci ilin mayından başlayıb. Paytaxt rəhbərliyi bərpa işlərini 2022-ci ilin sonuna qədər başa çatdıracağına söz vermişdi, lakin sonradan bu müddət iki dəfə uzadılıb.

“Acınacaqlı vəziyyətdə olan İpək Muzeyi uçmaq təhlükəsi ilə üz-üzə idi. Binanın özülü bərkidildi, strukturu yeniləndi. Zirzəmilərə dolan qrunt suları təmizləndi və su yeraltı xətlərlə başqa yerə axıdılır. Muzeyin divarları və tavanı suvanıb, rənglənib, dam örtüyü dəyişdirilib”, – deyə mer əlavə edib.

Qeyd edək ki, Dövlət İpək Muzeyi 1887-ci ildə yaradılıb. Burada Gürcüstanda ən azı XV əsrə aid olan ipək tarixi haqqında böyük kolleksiya var. Muzeyin həmçinin XVIII–XIX əsrlərin tarixinə aid rus, ingilis, alman, fransız, italyan, rumın, macar, Çin, yapon, fars, ərəb və digər dillərdə nadir nəşrləri olan öz kitabxanası var.

Muzeydə Azərbaycan mədəniyyət və incəsənətinə aid nadir nümunələr, o cümlədən kəlağayı, xalçaçılıq örnəkləri, qədim geyim və zinət əşyaları, silahlar, musiqi alətləri saxlanılır.