Ötən axşam (12 mart) Novruzun ilaxır çərşənbələrindən üçüncüsü – Yel çərşənbəsi qeyd olundu. Xalq inancına görə, bu çərşənbə od və su ilə birlikdə mənəvi-ruhi başlanğıc hesab edilir. Yel həm də mifik təfəkkürdə yolgöstərən, bələdçi kimi qavranılır.
Yel çərşənbəsi münasibətilə ölkəmizin hər guşəsində tonqallar qalanıb, müxtəlif ayinlər icra olunub. Füzulidəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan şənlikdə şagirdlərə bu çərşənbə barədə məlumat verilib. Məktəblilər milli geyimlərdə adət-ənənələrimizi nümayiş etdirib, yumurta döyüşdürüb, müxtəlif oyunlar oynayıb, rəqs ediblər.
Zəngilanın Ağalı kəndində də Yel çərşənbəsi qeyd edilib. Sakinlər tonqal ətrafında yallı gedib, əyləniblər.
Martın 19-da sonuncu – Torpaq çərşənbəsi qeyd olunacaq.