Xəbər verildiyi kimi, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də ölkəmizə dövlət səfərinə gəlib.

Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü olub.

Həmin gün iki ölkə prezidentlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının birinci iclası keçirilib.

İclasda çıxış edən Prezident İlham Əliyev deyib ki, Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir.

“Qazaxıstanın uğurları bizi sevindirir. Sizi və bütün qardaş Qazaxıstan xalqını sosial-iqtisadi inkişafda, innovativ tərəqqidə çox böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Qazaxıstanın iqtisadi inkişafı və ümumi daxili məhsulun artması düzgün və düşünülmüş iqtisadi siyasətdən xəbər verir. Həmçinin Sizin ölkənin modernləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş və artıq bir çox nailiyyətlərin əldə edildiyi islahatlarınızı tam dəstəkləyirik.

Bu gün regional problematika məsələlərini ətraflı müzakirə etdik. Mən Kasım-Jomart Kemeleviçə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesi haqqında məlumat verdim və ümidvar olduğumu bildirdim ki, bu proses sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq.

Həmçinin bizi birləşdirən layihələrdən də ətraflı danışdıq. Mən Qazaxıstan Prezidentinə Qarabağın bərpasında göstərilən qardaş köməyinə, məhz qazax xalqının Azərbaycan xalqına hədiyyəsi və Prezident Tokayevin təşəbbüsü olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkürümü bildirdim... Azərbaycanın suverenliyinin bərpası məsələsində həmrəylik sözlərinə görə minnətdarıq. Əlbəttə, zənnimcə, Azərbaycanda hamı bilir ki, Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir”, – deyə Prezident İlham Əliyev bildirib.

 

“Ölkələrimiz arasında mədəni əlaqələrə də böyük diqqət yetirirəm”

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında Azərbaycanın tarixi Qələbəsinə, öz əraziləri ilə bağlı suverenliyinin bərpa olunmasına səmimi-qəlbdən sevindiklərini deyib: “Bu Qələbə mahiyyət etibarilə tarixidir və şübhəsiz ki, həm Azərbaycanın, həm də ümumdünya tarixinin salnaməsinin səhifələrinə daxil olacaq.

Qazaxıstan-Azərbaycan münasibətlərinə gəldikdə, biz ilk dəfədir ki, Ali Dövlətlərarası Şuranın iclasını keçiririk. Ümumilikdə, bu da tarixi hadisədir. Elə indicə biz iqtisadi-ticari və investisiya əməkdaşlığımızla, beynəlxalq arenada qarşılıqlı fəaliyyətimizlə bağlı, demək olar ki, bütün məsələlərin müfəssəl müzakirəsini apardıq və ümumi nəticələrə gəldik. Bu onu göstərir ki, Qazaxıstan və Azərbaycan, həqiqətən, strateji tərəfdaşlardır, müttəfiq dövlətlərdir. Əməkdaşlığımızda baş verənlərin mühüm sirri də məhz buradadır. Perspektivlər çox yaxşıdır və təbii ki, hökumətlər bu gün imzalanmış sənədlər, sazişlər formasında əldə olunan razılaşmaların həyata keçirilməsi ilə məşğul olacaqlar”.

Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı liderlərinin bu il Şuşada keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcəyini bildirib. Qazaxıstan lideri bu ilin payızında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) Azərbaycan dövlətinin və onun diplomatiyasının tarixi nailiyyəti kimi qiymətləndirib: “Şübhəsiz ki, Bakı bu vəzifənin öhdəsindən gələcəkdir. Biz Dubayda keçirilən COP28 sammitində iştirak etdik və gördük ki, bu, həqiqətən, çox mühüm forumdur. Sevinirik ki, belə mühüm qlobal forumun keçirilməsi məkanı qismində məhz Bakı seçilib”.

Qazaxıstan Prezidenti daha sonra deyib: “Məmnunam ki, biz beynəlxalq arenada da uğurla əməkdaşlıq edirik. İstər Birləşmiş Millətlər Təşkilatında, yaxud başqa beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimiz uğurlu qarşılıqlı fəaliyyət göstərirlər. Zənnimcə, bu xətt davam edəcəkdir. Müqəddəs şəhərlər olan Türküstan və Şuşa, həmçinin Uralsk və Mingəçevir, Şımkent və Gəncə arasında qardaşlıq münasibətlərini müsbət nöqteyi-nəzərdən qeyd etmək istəyirəm. Ümumilikdə, mən ölkələrimiz arasında mədəni əlaqələrə də böyük diqqət yetirirəm. Bu, xalqlarımızın yaxınlaşması nöqteyi-nəzərindən olduqca vacibdir. Sumqayıt şəhərində Axmet Baytursınovun xatirəsinin əbədiləşdirilməsi və onun adına küçənin açılışı, Astanada Heydər Əliyevin adının əbədiləşdirilməsi də ölkələrimiz üçün əlamətdar oldu, təşəkkür edirik”.

 

Biz qonşuyuq, təkcə Xəzər dənizi ayırır

 

Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatından bəzi məqamları diqqətə çatdırırıq:

– Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk. Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür. Son ilyarım ərzində mən Qazaxıstana dörd dəfə səfər etmişəm, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üçüncü dəfədir ki, ölkəmizə gəlir. Bu gün eyni zamanda fikir mübadiləsi çərçivəsində cari ilin sonunadək qarşıdakı səfərlərlə bağlı razılıq əldə etdik. Biz təkcə mühüm ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmirik, həmçinin regional problematika, regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuruq.

Ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini də ətraflı müzakirə etdik. Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim. Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub.

Bununla yanaşı, biz, həmçinin qarşılıqlı fəaliyyətin digər məsələlərini, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə, BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətimizi müzakirə etdik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.

Nəqliyyat-tranzit məsələsi geniş müzakirə olunub, biz Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etmişik. Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir.

Kasım-Jomart Kemeleviçlə bu gün apardığımız fikir mübadiləsi də göstərdi ki, biz də qonşularıq. Bizi təkcə Xəzər dənizi ayırır. Amma bu gün o da əngəl deyil, əksinə, Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. Hökumət üzvlərinin bir çox istiqamətlər üzrə geniş məruzələri dinlənildi.

Bu gün Qazaxıstan beynəlxalq arenada müdrik siyasət, düzgün seçilmiş strategiya və dövlətin inkişafına yönəlmiş dəqiq, ölçülüb-biçilmiş addımlar, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyət sayəsində çox böyük nüfuza malikdir. Biz buna ürəkdən sevinirik. Qazaxıstana hər səfərdə dəyişikliklərin şahidi olursan. Mən Kasım-Jomart Kemeleviçə dedim ki, müasir, gözəl meqapolis olan Astananın salınması dünya tarixində nadir nümunələrdən biridir. Mənim hər səfərimdə, – artıq dediyim kimi, son ilyarımda dörd dəfə orada olmuşam, – inkişafın şahidi oluram. Bütün bunlar Prezident Tokayevin öz xalqının, dövlətinin rifahı naminə və dostlarının sevincinə səbəb olan islahatlarını əks etdirir. Biz münasibətlərimizi daha böyük məzmunla zənginləşdirmək üçün səmimi səylər göstəririk. Dövlət səfəri münasibətlərin ən yüksək səviyyədə nümayişidir.

 

“Azərbaycan mədəniyyət xadimlərini ölkəmizdə səbirsizliklə gözləyirik”

 

Mətbuat konfransında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin çıxışından bir sıra məqamları təqdim edirik:

– Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi Qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib. Biz bu mövzuda danışmışıq. Mən Sizə təbrik məktubu ünvanlamışam. Zənnimcə, bu, uzun illər ərzində Sizin dövlət suverenliyinin bərpasına yönəlmiş və son nəticədə tarixi həqiqətin bərpası ilə nəticələnən səylərinizin qanunauyğun yekunudur.

Həqiqətən, son vaxtlar yüksək səviyyədə təmaslar artıb və bu, çox müsbət məqamdır. Cari il də istisna olmayacaq. Biz yüksək səviyyəli beynəlxalq tədbirlərdə iştirak etmək üçün Sizi azı iki dəfə Qazaxıstanda gözləyirik. Mən özüm də Türk dövlətləri liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana yenidən səfər etməyi planlaşdırıram. Düşünürəm ki, bu təmaslar strateji tərəfdaşlığı və hətta Qazaxıstanla Azərbaycan arasında müttəfiqliyi möhkəmləndirmək üçün çox faydalıdır. Strateji tərəfdaşlıqdan danışdıqda, biz bunu, sadəcə, gözəl ifadə və ya diplomatik nəzakət kimi qəbul etmirik. Əslində, əməkdaşlığımızın mahiyyəti qarşılıqlı fəaliyyətimizin strateji xarakterini ehtiva edir.

Strateji tərəfdaşlığımızın mədəni-humanitar tərkibi üzrə əməkdaşlığımızı da xüsusi qeyd etmək istəyirəm. Bu, xalqlarımızın yaxınlaşması baxımından çox mühümdür. Biz Azərbaycan tərəfinə Qazaxıstan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirilməsinə yaradılan lazımi şəraitə və səmimi qəbula görə minnətdarıq. Biz də Azərbaycan mədəniyyət xadimlərini ölkəmizdə səbirsizliklə gözləyirik və bu tədbirin uğurla keçəcəyi heç bir şübhə doğurmur, çünki Azərbaycan mədəniyyətinə maraq hər zaman vardır. Düzünü söyləmək lazımdır ki, Qazaxıstan xalqı sizin mədəniyyətinizdən ötrü darıxıb və Azərbaycan mədəniyyət xadimlərini böyük məmnunluqla qarşılayacaq.