Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər.

Dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.

Prezident İlham Əliyevə və Prezident Kasım-Jomart Tokayevə Şuşanın Baş planı barədə məlumat verilib.

Bildirilib ki, şəhərin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunub saxlanılması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub.

Sonra dövlət başçıları Şuşanın tarixi-mədəni məkanları ilə tanış olublar. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzi və burada təşkil olunan “Heydər Əliyev və Qarabağ” adlı sərgiyə baxıblar. Mədəniyyət paytaxtımızla tanışlıq ali qonaqda dərin təəssürat doğurub.