Tbilisidə gənc rəssam soydaşımızın fərdi sərgisi açılıb

 

Tbilisidəki Gürcüstan Milli Kitabxanasında “Palitra-inteqrasiya – 2024” layihəsi çərçivəsində “Tea House"un rəsm müəllimi, gənc rəssam Emilya Hüseynovanın əsərlərindən ibarət “Xəyala ilk addım” adlı fərdi sərgisi açılıb.

Martın 11-də gerçəkləşən tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, gənclər iştirak ediblər.

Canlı musiqi fonunda keçirilən tədbir Gürcüstan İncəsənət Akademiyası və İnkişaf və Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

İnkişaf və Təhsil Mərkəzinin direktoru Emin Əhmədov bildirib ki, “Palitra-inteqrasiya” layihəsi 2018-ci ildən həyata keçirilir. Layihənin məqsədi regionda incəsənətin inkişafı və incəsənət sahəsində inteqrasiyaya nail olmaqdır.

O, bu işdə göstərdiyi dəstəyə görə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rolunu xüsusi qeyd edib.

Gənc rəssamın uğurlarından söz açan E.Əhmədov Bildirib ki, 13 yaşından təsviri sənətə maraq göstərən E.Hüseynova “Tea House”un tələbəsi olub. İndi öz bilik və bacarıqlarını, rəssamlığın sirlərini yeniyetmə və gənclərə öyrədir. Sərgidə rəssamın realist üslubda yağlı boya ilə kətan üzərində müxtəlif janrlarda çəkdiyi 30-dan çox əsəri nümayiş etdirilir.

Gürcüstan İncəsənət Akademiyasının direktoru Denis Nesterenko çıxışında rəssamın əsərlərini yüksək qiymətləndirib. Bildirib ki, indi gənclərin rəsmə, heykəltaraşlığa, bir sözlə, incəsənətə həvəsi artmaqdadır. Akademiya da onlara lazımi dəstək göstərməyi özünə borc bilir.

Direktor deyib ki, Gürcüstan İncəsənət Akademiyası etnik azlıqlar arasında bacarıqlı gənclərin irəli çəkilməsi, onların daha yaxşı təhsil almalarına yardım məqsədilə yeni layihə hazırlayıb. Gürcüstanda yaşayan azərbaycanlı gənclər də bu layihədən bəhrələnəcəklər.

E.Hüseynova çıxış edərək sərginin təşkilinə görə minnətdarlığını bildirib.

Sonda konsert proqramı təqdim edilib.