Martın 12-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində Azərbaycan Milli Konservatoriyası (AMK) ilə birgə “Rəngkarlıq və musiqi” adlı sərgi-müsabiqə keçirilib.
Sərgidə ADRA və AMK-nın rəhbər işçiləri, professor-müəllim heyəti iştirak edib.
ADRA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru Xalq rəssamı, professor Fuad Salayev rəssamlıq və musiqinin paralel bir sənət olduğunu qeyd edib. Bildirib ki, rəssam rəngi görür, musiqiçi səsi eşidir, nəticədə səs və rəngin vəhdətindən sənət əsəri meydana gəlir.
AMK-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova bir sıra azərbaycanlı bəstəkarın həm musiqi sahəsində, həm də rəssamlıqda öz sözlərini dediyini vurğulayıb.
AMK tərkibində İncəsənət Gimnaziyasının təmayül üzrə direktor müavini Kəmalə Kərimova, ADRA Həmkarlar ittifaqının sədri dosent Emin Ələkbərov çıxış edərək sərgi barədə təəssüratlarını bölüşüblər.
Çıxışlardan sonra seçilmiş əsərlərin mükafatlandırılmasına başlanılıb. Münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı 7 əsər AMK tərəfindən mükafatlandırılıb.
Bədii hissədə Əməkdar artist Emil Əfrasiyab, Əməkdar müəllim Naibə Şahməmmədova və AMK tələbələrinin ifasında musiqi nömrələri təqdim olunub.
Sonda AMK-nın idarə heyəti ADRA-nın yaradıcılıq emalatxanaları ilə tanış olub.
Qeyd edək ki, ADRA-nın Təsviri sənət və sənətşünaslıq fakültəsinin rəngkarlıq ixtisası tələbələrinin qatıldığı müsabiqədə musiqi mövzusunu əhatə edən 35-dən artıq iş nümayiş olunub.
Sərgi martın 19-dək ziyarət üçün açıq olacaq.