Teatr və kino rəssamının ilk hekayələr toplusu Moskvada təqdim olunub

 

Moskvadakı M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında tanınmış rejissor, kino və teatr rəssamı Əddis Hacıyevin “Böyük şəhərlərdə həyatın xüsusiyyətləri” adlı ilk hekayələr toplusunun təqdimatı keçirilib.

Təqdimat mərasimi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən təşkil olunub.

Kitabda müəllif böyük şəhərlərdə yaşayışla bağlı öz düşüncələrini bölüşüb. Tədbir çərçivəsində Ə.Hacıyevin rəsmləri də təqdim olunub.

Müəllif çıxış edərək bildirib ki, 15 ildən artıqdır kino sahəsində fəaliyyət göstərir, rəsm və qrafika çəkir. Yazıçılıq isə getdikcə onu özünə daha çox cəlb edən hobbidir. “Kitabda böyük şəhərlərdə həyatın müxtəlif cəhətlərindən söz açılır. Bu mənim üçün maraqlı idi, çünki mən özüm də ömrüm boyu böyük şəhərdə yaşamışam”, – deyə müəllif bildirib.

Ə.Hacıyev həm Rusiyada, həm də xaricdə bir çox bədii filmlərin, televiziya layihələrinin və çox sayda televiziya reklamlarının vizual dizaynının müəllifi kimi tanınır. O, Azərbaycan Rəssamlar İttifaqı, Rusiya Dizaynerlər İttifaqı və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, bir çox özəl və dövlət qalereyalarında saxlanılan rəsm əsərlərinin müəllifidir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova qeyd edib ki, Ə.Hacıyev çox məşhur və istedadlı Azərbaycan ailəsinin nümayəndəsidir. O, babası, Azərbaycanda kitab qrafikasının banisi Əmir Hacıyev və atası, Xalq rəssamı Altay Hacıyevin yollarını davam etdirir. “Əddis Hacıyev rejissor, ssenarist, prodüser kimi tanınırdı, bu gün isə biz onu yazıçı kimi təqdim edirik. Bu gün təqdimatını keçirdiyimiz kitabda hər bir şəhərin fərdi simasından bəhs edilir. Sözsüz ki, kitabda doğma Bakımızın da eskizlərini görürük”, – deyə Tamilla Əhmədova vurğulayıb.