AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyanın rəyasət heyətində tanınmış kərküklü tədqiqatçı, şair və yazıçı Şəmsəddin Kuzəçi ilə görüşüb.
Görüşdə Azərbaycan-Kərkük ədəbi əlaqələrindən söz açılıb, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin İraqda, görkəmli kərkük ədəbiyyatşünası Əta Tərzibaşının 100 illik yubileyinin isə Bakıda elmi konfranslarla keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Şəmsəddin Kuzəçi İraq Mədəniyyət Nazirliyinin mükafatını akademik İsa Həbibbəyliyə təqdim edib. Həmçinin türkmən yazarın yeni nəşr edilmiş “Məqalələr” toplusu AMEA rəhbərinə hədiyyə olunub.
Akademik İsa Həbibbəyli bu günlərdə AMEA-da çap olunmuş Mahmud Kaşğarinin “Divani-lüğat-it-türk” və Məhəmməd Füzuliyə həsr olunmuş kitabları Şəmsəddin Kuzəçiyə hədiyyə edib.
Görüşdə AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov, vitse-prezidentlər akademik İradə Hüseynova və akademik Gövhər Baxşəliyeva, həmçinin filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev iştirak ediblər.