Novruzun üçüncü müjdəçisi – Yel çərşənbəsi (12 mart) münasibətilə bölgələrdə müxtəlif tədbirlər keçirilib.
Novruz çərşənbələri 30 ildən sonra Qarabağın dilbər guşələrindən olan Şuşa rayonunun Malıbəyli kəndində də qeyd edilir, bayram tonqalları qalanır.
Malıbəyli kəndində hazırda intensiv bərpa-quruculuq işləri həyata keçirilir. “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları kəndin tikinti və abadlığı ilə məşğul olurlar.
MMC-nin əməkdaşları Yel çərşənbəsində Qarabağ atlarını Malıbəylinin dağları ilə çaparaq Novruz tonqalını alovlandırıblar. Kənddə qalanan tonqal həm də bu qədim yurd yerində 30 ildən sonra ocaqların yenidən yanması deməkdir.
***
İsmayıllı şəhərinin mərkəzi meydanında rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Fazil Əzimov adına Uşaq incəsənət məktəbinin təşkilatçılığı, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə Yel çərşənbəsi qeyd olunub. Tonqal başına toplaşan rayon sakinləri yüksək əhval-ruhiyyə ilə çərşənbəni qeyd ediblər. İNcəsənət ustalarının ifasında səsləndirilən mahnılar mərasimə xüsusi rəng qatıb.
Yel çərşənbəsi Şamaxının Dəmirçi kəndində özünəməxsus şəkildə qeyd olunur. Baharın gəlişinə sayılı günlər qalsa da, bu il kəndin ətrafındakı dağlar ağ örpəyə bürünüb. Sakinlər bayram tonqalı ətrafına toplaşıblar. Qız-gəlinlərin hazırladıqları şəkərbura, paxlava, səməni halvası, şirin çörəklər, boyanan yumurtalar, cücərdilən səmənilər, şux bayram rəqsləri, aşıqların, folklor qruplarının çıxışları mərasim iştirakçılarının könlünü oxşayıb.
***
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi və rayon MKS tərəfindən 12 mart – Daxili Qoşunların yaranma günü və Yel çərşənbəsi ilə əlaqədar DQ-nin Qubada yerləşən N saylı hərbi hissəsində tədbir keçirilib.
Çıxış edənlər Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında gündən-günə qüdrətlənən Silahlı Qüvvələrimizin rəşadətindən söz açıb, hərbi hissənin şəxsi heyətini təbrik ediblər.
Bədii hissədə rayon Mədəniyyət Mərkəzinin "Gözəl Quba" instrumental ansamblının solistləri tərəfindən konsert proqramı təqdim edilib.
***
Şirvan Dövlət Rəsm Qalereyasında Yel çərşənbəsi münasibətilə tədbir keçirilib. Qalereyada fəaliyyət göstərən dərnəyin üzvlərinin rəsmlərindən ibarət "Novruzun al-əlvan rəngləri" adlı sərgi təşkil olunub.
Neftçala rayon Heydər Əliyev Mərkəzi, rayon MKS-nin 3 nömrəli, həmçinin Aşağı Qaramanlı, Abasallı, Şorkənd, Yeniqışlaq kənd kitabxana filialları tərəfindən Yel çərşənbəsinə həsr olunan bayram tədbirləri keçirilib.
***
Şəmkir şəhər Uşaq musiqi məktəbində Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib.
Məktəbin müəllim və şagirdləri tərəfindən Novruza aid kompozisiyalar nümayiş etdirilib, musiqilər səsləndirib.
Kosa və Keçəl, rəngarəng boyanmış yumurtaların döyüşdürülməsi, tonqal üzərindən atılmalar, Bahar qızı ilə Novruzun söhbətləri, çərşənbələrin çıxışı, qızların əziz bayramımıza aid söylədikləri şeirlər və ifa olunan mahnılar qonaqlar tərəfindən maraqla izlənilib.
***
Gəncə-Daşkəsən RMİ-nin tabeliyində fəaliyyət göstərən müəssisələrdə də Yel çərşənbəsi ilə bağlı müxtəlif tədbirlər təşkil olunub.
Hazırladı: N.Məmmədli