Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Novruz görüşü” adlı ustad dərsləri haqqında məlumat vermişdik.
Layihə üzrə növbəti tədbir martın 14-də Səməd Vurğunun Ev-Muzeyində gerçəkləşdi. Muzeyin direktoru, tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov gənc musiqiçilər üçün ustad dərsi keçdi.
Tədbirə Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və digər təhsil müəssisələrinin tələbə və şagirdləri qatılmışdı.
Ustad dərsindən əvvəl muzeyin bələdçisi Könül Cəbiyeva Vəkilovlar ailəsinin musiqiyə xüsusi marağından danışdı. Qeyd etdi ki, Xalq şairi Səməd Vurğunun övladları Yusif Səmədoğlu skripka və pianoda, Vaqif Səmədoğlu isə pianoda çalmağı bacarıblar. Konservatoriyada fortepiano ixtisası üzrə təhsil alan V.Səmədoğlu bir neçə il müəllim də işləyib.
Vurğun Vəkilov çıxış edərək “Novruz görüşü” layihəsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu gün xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər çoxdur: “Onların borcudur ki, öyrəndikləri və qazandıqları nailiyyətləri öz vətənlərində bölüşsünlər. Təəssüf ki, bəzi istedadlı gənclərimiz xaricdə təhsillərini başa vurduqdan sonra vətənə dönmürlər. Mən əvvəl Rusiyada musiqi təhsili alırdım. Sonra Fransada təhsilimi davam etdirdim. Avropada çox güclü musiqi pedaqoqları var”.
Pianoda müxtəlif musiqi nömrələrinin ifası ilə bağlı gənclərə tövsiyələr verən V.Vəkilov klassik musiqi mövzusunda fikirlərini də bölüşdü. Dedi ki, klassik musiqi müxtəlif prinsiplər və qaydalar əsasında yazılır. Ancaq o da müəyyən mənada dəyişir. Gənc musiqiçilər tərəfindən ifa edilərkən əlavələr olunur.
Görüşdə gəncləri maraqlandıran suallar cavablandırıldı, fikir mübadiləsi aparıldı.
Xatırladaq ki, 11-15 mart tarixlərini əhatə edən “Novruz görüşü” layihəsinin məqsədi musiqi və incəsənət təhsili sahələrinə dair mövzuların gündəmə gətirilməsidir. Layihə üzrə ilk görüş Üzeyir Hacıbəylinin, ikincisi Vaqif Mustafazadənin ev-muzeylərində keçirilib.
S.Fərəcov