ADA Universitetində beynəlxalq konfrans keçirilib

 

14-15 mart tarixlərində ADA Universitetində “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib.

Konfransda mədəniyyət naziri Adil Kərimli, Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri (Türkiyə) Dərya Örs, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarə heyətinin sədri Şahin Seyidzadə açılış nitqi ilə çıxış ediblər. UNESCO Baş Konfransının prezidenti Simona-Mirela Miçulesku isə videomüraciətlə tədbir iştirakçılarını salamlayıb.

Mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır: “Biz dövləti təmsil edən qurumlar olaraq bütün çağırışlara cavab verməli, türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırmalıyıq. Bu məsələdə UNESCO-nun təcrübəsini əsas götürərək sözügedən istiqamətlərdə ciddi addımlar ata bilərik. İnanıram ki, həmkarlarımız da bu istiqamətdə birgə fəaliyyət göstərəcək və gələcəkdə ortaq platformaların yaradılmasına nail olacağıq.

TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, türk dövlətləri özləri də zəngin mədəni irslərinin siyahısını yaratmalıdırlar.

UNESCO Baş Konfransının prezidenti Simona-Mirela Miçulesku konfrans iştirakçılarına videomüraciətində qeyd edib ki, mədəni irsin qorunması münasibətlərin inkişafına töhfə verir: “Biz anlamalıyıq ki, qlobal mədəni maraqlara xidmət edirik və gələcəyimizi bunun əsasında qurmalıyıq”.

TÜRKSOY-un baş katibi Sultan Raev Azərbaycanın 30 il işğal altında qalmış torpaqlarında dini, mədəni və tarixi abidələrin dağıdıldığını deyib, bu gün Azərbaycan dövlətinin mədəni irsin qorunması istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilat tərəfindən türk xalqlarının maddi və qeyri-maddi mədəni irsinin mühafizəsi və bərpası üçün hüquqi bazanın – Türk Mədəni İrsi Konvensiyasının hazırlandığını, həmçinin Türk İrsi üzrə Rəqəmsal Platformanın yaradılması istiqamətində addımların atıldığını vurğulayıb.

Qeyd olunub ki, üzv və müşahidəçi dövlətlərdə həyata keçirilən bərpa və yenidənqurma prosesində aktiv iştirak məsələsi fondun qarşıdakı illər üçün fəaliyyət planında birinci yerdə dayanacaq: “Füzuli rayonundakı Qoçəhmədli məscidinin bərpası, eləcə də tanınmış qırğız yazıçısı Alikul Osmanovun Bişkekdəki ev-muzeyinin bərpası növbəti iki ildə prioritet istiqamətlərdəndir”.

A.Raimkulova fond tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlıq çərçivəsində Türk dünyasına məxsus orijinal sənət növü olan quramanın UNESCO-nun müvafiq siyahısına təqdim edilməsi prosesinin başladıldığını da diqqətə çatdırıb.
Digər çıxışlarda qeyd olunub ki, Türk dünyası olaraq böyük bir coğrafiyanı əhatə edən türk dilinin BMT-nin 7-ci rəsmi dili kimi qəbul olunmasına çalışmalıyıq. Türkdilli xalqlar olaraq heç bir tərcüməçiyə ehtiyac olmadan ünsiyyət qurmağı bacarmalıyıq.

Daha sonra iştirakçılar Azərbaycan Milli Elmlər Akademiyasının bütün Türk dünyasının mədəni irsi sayılan “Divani-lüğat-it-türk”ün 950 illik yubileyi münasibətilə təşkil etdiyi sərgi ilə tanış olublar.

Konfransın ilk günündə fasilələrlə dörd sessiya keçirilib. Birinci sessiya Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayevin moderatorluğu ilə Türk dünyasının mədəni irsinin qorunması üzrə milli strategiyalar və yanaşmalar, ikinci sessiya Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın moderatorluğu ilə mədəni irsin qorunması, sənədləşdirilməsi və təbliği üzrə türk təşkilatının əməkdaşlığına həsr olunub. Türk Dil Qurumunun prezidenti Osman Mertin moderatorluğu ilə keçirilən üçüncü sessiya mədəni irsin qorunması və təbliği üçün innovativ yanaşmalar və zəruri işlər, sonuncu sessiya isə Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Seymur Fətəliyevin moderatorluğu ilə mədəni irsin qorunması sahəsində milli komissiyaların əməkdaşlığı mövzusuna həsr edilib.

Martın 15-də konfrans işini davam etdirib. Mədəni irsin qorunması üzrə müzakirələr keçirilib. Sonda beynəlxalq konfransın birgə bəyanatı qəbul olunub.

Konfrans iştirakçıları Azərbaycan Milli Xalça Muzeyində açılmış “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisini ziyarət edib, daha sonra İçərişəhərlə tanış olublar.