Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları 14-17 mart tarixlərində Avstriyanın paytaxtı Vyanada keçirilən “Ferien-Messe Wien” sərgisində nümayiş etdirilib.

Sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, AZAL, eləcə də hotel və turizm şirkətləri təmsil edib.

Milli stend ziyarətçilərinə turizm məhsulları üzrə təkliflər, o cümlədən UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş məkanlar – İçərişəhər, Qobustan və Şəkinin tarixi mərkəzi haqqında ətraflı məlumat verilib. Həmçinin Azərbaycan şərablarının və şirniyyatlarının dequstasiyası keçirilib, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə milli rəqslərimiz nümayiş etdirilib və VR (Virtual Reallıq) eynəyi vasitəsilə Azərbaycanın turizm imkanlarını əks etdirən görüntülər təqdim olunub.

“Ferien-Messe Wien” günlərində B2B (biznesdən biznesə) və B2C (biznesdən müştəriyə) formatlı görüşlər də təşkil olunub.

Azərbaycan milli mətbəxinin və “Slow Food” təcrübəsinin təbliğatı çərçivəsində ölkəmizin Avstriyadakı səfirliyinin dəstəyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə martın 13-də Vyana şəhərindəki Modul Universitetində tələbələr üçün “Azərbaycan plovunun hazırlanması” mövzusunda master-klas təşkil olunub.

Bundan əlavə, Azərbaycanın Avstriyadakı Səfirliyinin təşkilatçılığı və xarici turizm sənayesi nümayəndələrinin iştirakı ilə martın 14-də Azərbaycan Mədəniyyət Mərkəzində ölkənin mədəni irsinin qorunub saxlanılması və Avstriya tərəfindən göstərilən töhfələrə həsr olunmuş tədbir keçirilib.