AMEA Folklor İnstitutunun nəşri olan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 83-cü nömrəsi çapdan çıxıb.
İnstitutdan bildirilib ki, ildə dörd dəfə nəşr olunan jurnalın bu sayında maraqlı elmi məqalələr və Azərbaycan folklorundan yeni nümunələr beş bölmədə öz əksini tapıb.
Toplunun “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” rubrikasında “Kitabi-Dədə Qorqud” dastanında bioqrafik zaman”, “Kitabi-Dədə Qorqud” eposunun qadağan edilməsi, onun səbəbləri və “bəraət” alması” və “Kitabi-Dədə Qorqud”dakı nəsr parçalarında ritm və intonasiyanın rolu” məqalələri oxucuların ixtiyarına verilib.
Jurnalın digər bölməsində “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində azsaylı xalqlar”, “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində folklor məsələləri” və “Aleksandr Baqri və Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” mövzularında tədqiqatlar yer alıb.
“Folklorşünaslıq: problemlər, tədqiqlər” rubrikasında “Azərbaycan uşaq nağıllarının poetik strukturu, təsnifatı və funksional özəllikləri”, “Goroğlu” – türkmən eposu Azərbaycan dilində”, “Uşaq folklorunun səciyyəvi xüsusiyyətləri”, “Hüseyn Cavidin “Səyavuş” faciəsində obrazların mifopoetikası”, “Azərbaycan transformativ paremioloji vahidləri”, “Ozanlıqdan-dədəliyə, dədəlikdən-aşıqlığa gedən saz-söz sənətinin xəritəsi”, “Nizami Gəncəvi yaradıcılığında toy və yas mərasimlərinin təsviri” və s. məqalələrlə tanış olmaq mümkündür.
“Azərbaycan folklorundan yeni nümunələr” rubrikasında Qubanın Xınalıq kəndindən toplanılan folklor örnəkləri təqdim olunub, “Türk xalqlarının folklorundan yeni nümunələr” rubrikasında isə “Goroğlu” – türkmən eposunun “Goroğlunun doğulması” qolu verilib.