Opera müğənnisi, xanəndə, Əməkdar artist Sahibə Əhmədova 16 mart 2024-cü il tarixində, 68 yaşında vəfat edib.
Sahibə Əliqulu qızı Əhmədova 1956-cı il yanvarın 11-də Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini rayonun Boyat kənd məktəbində başa vurub. 1975-ci ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Texnikumunun Muğam şöbəsinə (Əməkdar müəllim Nəriman Əliyevin sinfi) daxil olub. Burada oxuduğu müddətdə Akademik Opera və Balet Teatrında işə başlayıb. Opera səhnəsində ilk dəfə ifa etdiyi M.Maqomayevin "Şah İsmayıl" operasında Ərəbzəngi obrazı ilə şöhrət qazanıb. Sonralar Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Leylinin anası, Məcnunun anası, Z.Hacıbəyovun "Aşıq Qərib" operasında Qəribin anası, Ş.Axundovanın "Gəlin qayası" operasında Camalın anası, R.Mustafayevin "Vaqif" operasında qarı və s. obrazları müvəffəqiyyətlə ifa edib. Teatrın kollektivi ilə birgə Rusiya, Bolqarıstan, Türkiyə və digər ölkələrdə qastrol səfərlərində olub.
Sahibə Əhmədova eyni zamanda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti olaraq bir sıra rəsmi tədbirlərin və konsert proqramlarının iştirakçısı olub. O, "Bayatı-Şiraz", "Çahargah", "Şur", "Segah", "Orta Mahur", "Mahur-hindi", "Rahab", "Bayatı-kürd", "Qatar", "Şahnaz" muğam- dəsgahlarını, "Qarabağ şikəstəsi", "Arazbarı", "Simayi-Şəms" kimi zərbi-muğamları məharətlə ifa edib. Lent yazılarının bir qismi Azərbaycan Televiziyasının “qızıl fond”unda saxlanılır.
Xanəndə 2006-cı ildə "Əməkdar artist" fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.