Dövlət Uşaq Filarmoniyası martın 15-də Gənc Tamaşaçılar Teatrının səhnəsində “Naxışlı Novruz” adlı konsert proqramını təqdim edib.

Musiqi axşamında xalq və bəstəkar mahnıları və rəqslərimiz ifa olunub. “Musiqili uşaq teatrı”nın səhnəcikləri xüsusi maraqla qarşılanıb. Novruz adətləri – qapı pusmaq, papaq atmaq və s. eləcə də Bahar qızı, Göyçək Fatma, Cırtdan obrazlarının səhnədə görünməyi uşaqları daha çox sevindirib.

Filarmoniyanın “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı, “Musiqili uşaq teatrı”, oğlan və qızlardan ibarət rəqs ansamblının rəngarəng çıxışları konsertə əlavə rəng qatıb.

Proqram “Yallı” rəqsinin sədaları altında bütün iştirakçıların səhnədə  birgə rəqsi ilə başa çatıb.