Qalib əsərlər üzrə dinləmələr aparılıb

 

13–15 mart tarixlərində dramaturq İsmayıl İmanın təşkilatçılığı və kuratorluğu ilə “Charastres” müasir dramaturgiya festivalı keçirilib. Festival İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Dövlət Yuğ Teatrı, Bakı Marionet Teatrı, Dövlət Mahnı Teatrı, “Teatro.az” portalı, “Katalizator Art Hub” və “TOTD” ictimaiyyətlə əlaqələr təşkilatının tərəfdaşlığı ilə gerçəkləşib.

Layihənin məqsədi yeni aktual mövzulu pyeslərin yazılması, dinlənilməsi və səhnələşdirilməsi üçün mexanizm və platforma yaratmaqdır. Layihə Azərbaycanda müasir dramaturgiya ilə bağlı mövcud boşluğu doldurmağı və yeni nəsil dramaturqların pyeslərini təbliğ etməyi hədəfləyir.

Festival çərçivəsində keçirilən pyes müsabiqəsinə Azərbaycan, İran və Kanadadan 30 müəllif tərəfindən 40 pyes təqdim edilib. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında müasir dramaturgiya festivalında qalib olmuş əsərlərin dinləmələri keçirilib. Festival çərçivəsində qalib pyeslərlə yanaşı, müsabiqədənkənar proqramda peşəkar müəlliflərin əsərləri əsasında hazırlanmış pyeslərin də oxunuşları olub.

Müsabiqəyə təcrübəli dramaturqlarla yanaşı, ilk pyeslərini yazanlar da qatılıb. Qaliblər ADMİU-nun Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov, həmin universitetin Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov, Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, Akademik Rus Dram Teatrının rejissoru Tural Mustafayev və ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi Aliyə Dadaşovadan ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Şəbnəm Xeyrullanın “Arqon” (rejissor R.Ə.Şərif) əsəri I, Jalə İsmayılın “Göyərçin dimdiyində bir qəfəs küçə” (R.İsmayılov) əsəri II, Hacı Səfərovun “Aysu və başqası” (G.Səttarova) əsəri III yeri tutub.

Birinci yerə layiq görülmüş “Arqon” pyesinin növbəti mövsümdə Azərbaycan Dövlət Yuğ Teatrında tamaşaya qoyulması planlaşdırılır.

Festivalda qalib pyeslərlə yanaşı, müsabiqədənkənar pyeslər də – Florian Zellerin “Ata” (T.Mustafayev), İvan Vıpırayevin “İllüziyalar” (M.Mikayılov), İsmayıl İmanın “Əziz ata” (T.Mustafayev) dinlənilib.

Sonda müəllif, münsif və tamaşaçıların iştirakı ilə müzakirələr aparılıb.

L.Azəri