Sumqayıtdakı Əli Kərim adına Poeziya evində Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Gülnarə Məmmədlinin “Vətən eşqim” adlı sərgisi keçirilib.
Sərgi Poeziya evinin və “Mirvarid Dilbazi” poeziya məclisinin təşkilatçılığı ilə “Şəhidlər rəssamların əsərlərində” layihəsi çərçivəsində reallaşıb.
Sərgidə müəllifin 20-yə yaxın əsəri yer alıb. Əsərlər əsasən şəhid Vətən övladlarının portretlərindən ibarətdir.
Sərgi ilə tanışlıqdan sonra tədbirin əhəmiyyətindən, dövlətin şəhid ailələrinə diqqət və qayğısından danışılıb, şəhid analarının xatirələri dinlənilib.
Sonda rəssam G.Məmmədli təşkilatçılara və dəstək göstərənlərə öz təşəkkürünü bildirib, şəhid analarına igid oğullarının portretlərini təqdim edib.