Martın 16-da Ankarada Xalq rəssamı, qrafika ustası Arif Hüseynovun “Novruz naxışları” adlı sərgisi açılıb. Sərgi TÜRKSOY-la İncəsənət və Sənətkarlar İcması Mədəniyyət Dərnəyi (SAKÜDER) tərəfindən təşkil edilib.

Aprelin 22-dək davam edəcək sərgidə rəssamın Azərbaycanın qədim miniatür sənəti ənənələrinə aid 25 əsəri nümayiş olunur.

Mərasimdə çıxış edən TÜRKSOY baş katibinin müavini Sayit Yusuf Arif Hüseynovun təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının sənətkarı olduğunu vurğulayıb, belə bir sərginin təşkilinə dəstək verməkdən məmnun olduqlarını bildirib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi İslam Quliyev TÜRKSOY-un yarandığı gündən Türk dünyası mədəniyyəti və sivilizasiyası üçün həyata keçirdiyi işləri yüksək qiymətləndirib.

Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın sərgi ilə bağlı TÜRKSOY-un baş katibi Sultan Raevə ünvanlandığı təşəkkür məktubunu oxuyub.

Qardaş Türkiyədə də əsərlərinə maraq yaranacağına ümid etdiyini bildirən A.Hüseynov deyib: “80 illik yubileyimlə əlaqədar artıq 4-cü sərgi keçirilir. Bunlardan 3-ü Bakıda olub. Sonuncunun Ankarada təşkil olunmasına qərar verildi. Qardaş ölkədə folklor nümunələrimizi nümayiş etdirmək mənim üçün çox xoş oldu. Sevincliyəm və inanıram ki, bu əsərlərin Türk dünyasına müsbət təsiri olacaq”.

Rəssama “TÜRKSOY-30” xatirə medalı təqdim olunub.

Azərbaycan xalq mahnılarının müşayiəti altında sərgi iştirakçılarına Novruzun atributu olan səməni və şirniyyatlarımız təqdim edilib.

Mehparə Sultanova
Ankara