Beynəlxalq Muğam Mərkəzində (BMM) tanınmış səs rejissoru, Əməkdar mədəniyyət işçisi Faiq Babayevin 70 illik yubileyinə həsr olunan konsert keçirildi.

Martın 14-də gerçəkləşən gecədə sənətkarın sənət yolundan söz açıldı, parlaq ifalardan ibarət musiqi nömrələri təqdim edildi.

Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov yubilyarı təbrik edərək dedi ki,  Faiq Babayev ömür boyu gözəlliklər yaratmaqla məşğul olub: “O əsərlər ki yazılıb və onun əlindən çıxıb, onlar gələcəkdə də ömrünü davam etdirəcək. Faiq yetmişə çatan ömrünün böyük hissəsini xalqının zəngin mədəniyyətinin qorunmasına, səs yazısı vasitəsilə arxivləşməsinə həsr edib. Onun yaratdığı irs ki var, o xalqındır və hər zaman xalqla da qalacaq”.

Xalq artistləri Eldar Mansurov, Siyavuş Kərimi, İlham Namiq Kamal və başqaları Faiq Babayevlə dostluqlarından, onun yaradıcılıq nümunələrinin ərsəyə gəlməsindəki əvəzsiz rolundan söz açdılar. Tarzən Tariyel Abbasov, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, Əməkdar artist Ramil Qasımov da yubilyarla uzunillik yaradıcı prosesin yaddaqalan anlarından danışdılar.

Sonra Siyavuş Kəriminin Ramil Qasımovla duet ifaları gecəyə xüsusi rəng qatdı. Xalq artistləri Samir Cəfərov, İlqar Muradov, Heydər Anatollu, Əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, İnarə Babayeva, BMM-in solisti Rəvanə Qurbanova və Tural Ağasiyevin çıxışları alqışlarla qarşılandı.

Lalə