Salyan Dövlət Rəsm Qalereyasında "Caz rəsmlərdə" adlı sərgi açılışı olub.
Sərgi məşhur cazmen və bəstəkar, Azərbaycanda caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin (1940 – 1979) anadan olmasının 84-cü ildönümünə həsr olunub.
Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında danışıb.
Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov bildirib ki, sərgidə Vaqif Mustafazadə də daxil olmaqla dünya caz ulduzlarının tanınmış simaları Frank Sinatra, Nina Simone, Carlz Lloyd kimi cazmenlərin portretləri və caz kompozisiyaları yer alıb.
Azərbaycan Rəssamlar İttifaqının üzvü İman Mustafayev regionlarda bu cür yaradıcı sərgilərin təşkil olunmasının tamaşaçı zövqünü oxşadığını vurğulayıb.
Bədii hissədə Salyan rayon Mədəniyyət Mərkəzinin "Mahirlər" xalq ailə ansamblının üzvləri müxtəlif caz kompozisiyalarını ifa ediblər.
Sonda qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, "Caz rəsmlərdə" yaradıcılıq sərgisində 7 peşəkar, 11 yeniyetmə və uşaq olmaqla 18 nəfər rəssamın ümumilikdə 34 ədəd əsəri nümayiş olunur. Caz mövzulu tablolar əsasən portret və peyzaj janrındadır.
Sərgi martın 30-dək davam edəcək.