“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Novruz bayramına həsr olunan tədbir keçirilib.
“Keşikçidağda Novruz ənənələri” adlı tədbir saz, qarazurna, nağara, ud alətlərinin sədaları altında Kosa, Keçəl, Bahar qızı və milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz atları ilə məclisə gəlişi ilə başlayıb. Daha sonra Keşikçidağ kurqanlar vadisindən aşkarlanmış Son Tunc – Erkən Dəmir dövrünə aid artefaktlardan ibarət sərgi, həmçinin Novruz atributları ilə bəzədilmiş dekorasiyalarla və alaçıqlarla tanışlıq olub.
Tütək sədaları altında qoyunların ağıla gətirilməsi, milli geyimdə çiyinlərində səhənglə bulaqdan su gətirən qızların rəqsi, xalq oyunlarından olan “Sayaçı”nın nümayişi, gənc qızların haxışta, bayatı söyləməsi, “Səməni” və “Tərəkəmə” rəqslərinin ifası tədbirə xüsusi rəng qatıb.
Tədbir “Badam bağı”nda ağacəkmə aksiyası ilə başa çatıb.