Müasir gəncliyimizin maarifləndirilməsi, incəsənətin müxtəlif sahələrinə maraq dairəsinin artırılması, eyni zamanda musiqi təhsil və tədris sisteminin ümumilikdə optimallaşdırılması məqsədilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) İxtisas musiqi məktəb-studiyası yenilikçi ənənələrini davam etdirir və innovasiyalı layihələrlə müntəzəm olaraq çıxış edir.
13 mart tarixində BMA-nın nəzdindəki Opera studiyasının səhnəsində Gennadi Qladkovun musiqisinə yazılmış “Bremen musiqiçiləri” musiqili teatr tamaşasının uğurla səhnələşdirilməsini də həmin tədbirlərin davamı idi.
Daim yaradıcı fikirlərlə ön sıralarda qərarlaşan Məktəb-studiya bu dəfə də fərqlilik nümayiş etdirərək “Bremen musiqiçiləri” musiqili tamaşasını ölkəmizdə, ilk dəfə olaraq Azərbaycan dilində tamaşaçılara təqdim edib. Bu təşəbbüs də təqdirəlayiq bir addımdır. Çünki bu qəbildən layihələr digər xalqların mədəniyyətinin öyrənilməsi, tamaşaçı auditoriyasının genişləndirilməsi, təkcə rusdilli deyil, eyni zamanda doğma dilimizdə təhsil alan uşaqların müxtəlif xalqların musiqi mədəniyyəti ilə tanış olmasına böyük imkanlar yaradır.
Xüsusilə vurğulanmalıdır ki, Azərbaycanda Uşaq opera teatrı layihəsinin təşəbbüskarı Azərbaycanın görkəmli musiqi xadimi, BMA-nın İxtisas musiqi məktəb-studiyasının yaradıcısı və uzun illər bu müəssisəyə rəhbərlik etmiş professor Tərlan Seyidov olmuşdur. Bu gün də həmin opera teatrı müdrik, uzaqgörən şəxsiyyətin – Tərlan müəllimin adını daşımaqdadır.
“Bremen musiqiçiləri” tamaşasının ərsəyə gəlməsində teatrın bədii rəhbəri – BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədova, quruluşçu rejissor – Məzahir Həşimov, musiqi rəhbəri – Məktəb-studiyanın müəllimi Ofeliya Axundova və rus mətninin Azərbaycan dilinə tərcüməçisi – Məktəb-studiyanın elmi-metodiki işlər üzrə direktor müavini Aytən Oqtayqızının böyük rolu olmuşdur. Əlbəttə, tamaşanın “baş qəhrəmanları”nı – Məktəb-studiyanın şagird heyətindən ibarət aktyor komandasını ayrıca qeyd etmək lazımdır. Bir-birindən istedadlı və yüksək potensiala malik uşaqlar musiqili əsərin sehrinə qapılaraq olduqca maraqlı iş təqdim etdilər.
Uşaqlar tamaşanın hazırlanması dövründə yetərincə mürəkkəb və enerji tələb edən, bəzən də yorucu məşq proseslərində iştirak edirdilər. Lakin buna baxmayaraq, onlar bu yaradıcı işə həvəslə və məsuliyyətlə yanaşırdılar. Müxtəlif obrazları məharətlə canlandırmaq, səhnə davranışı qaydalarını ustalıqla yerinə yetirməklə musiqi nömrələrini əyləncəli, gülüş doğuran şəkildə tamaşaçıya ötürən kiçikyaşlı aktyorlar tamaşaçının zövqünü oxşamağa nail oldular. Əlvan kostyumlar, rəngarəng dekorasiya və işıq effektləri də səhnənin ecazkarlığını artırmışdır. Yaradıcı iş üçün tələb olunan bütün bu məqamlar “Bremen musiqiçiləri”ndə öz əksini tapmış və tandem yaratmışdır.
Tamaşanın premyerası həm uşaqlar, həm də onların valideynləri və müəllimləri üçün bir bayrama çevrildi. Yüksək əhvali-ruhiyyəli tədbir yaradıcı qrupu ilhamlandıraraq yeni-yeni işlər görmələrinə təkan vermişdir.
Uşaqların hərtərəfli inkişafı üçün bu kimi layihələrin keçirilməsi labüd sayılır və BMA-nın İxtisas musiqi məktəb-studiyasının çoxyönlü iş prinsipi məhz bu istiqamət üzrə irəliləyir.
Şəfəq Hacıyeva
Məktəb-studiyanın böyük elmi işçisi