Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” adlı sərgi təşkil edilib. Əziz bayramımız Novruzun UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasının 15-ci ildönümünə həsr olunan sərgi Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşir.
Martın 15-də açılışı keçirilən ekspozisiyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Türkmənistana aid ənənəvi qadın geyimləri və zərgərlik əşyaları nümayiş etdirilir. Eksponatlar Azərbaycan Milli Xalça Muzeyinin, Türk Mədəniyyəti və İrsi Fondunun kolleksiyalarına, eləcə də Macarıstan Xalq Sənətkarları Assosiasiyasının üzvü, Orta Asiya xalqlarının geyim kolleksiyaçısı Virciniya Morqan-Hayata aiddir.
Mədəniyyət nazirinin müşaviri Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov çıxış edərək nazir Adil Kərimlinin təbriklərini çatdırdı, milli geyimlərin xalqların tarixindəki rolu, mədəni irsin qorunub saxlanılmasında və təbliğində muzey eksponatlarının əhəmiyyətini vurğuladı.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova türk xalqlarının mədəniyyətinin təbliğində belə sərgilərin əhəmiyyətli olduğunu dedi. Bildirdi ki, sərgidə nümayiş olunan hər bir nümunə özünəməxsus rəng çalarlarına, bədii quruluşlarına, materialların növlərinə və texnoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.
Tarix elmləri doktoru, diplomat Həsən Həsənov dedi ki, bir çox ölkələrin böyük muzeylərində türk xalqlarının mədəniyyətinə dair eksponatlar mövcuddur. Yaxşı olardı ki, gələcəkdə türk respublikalarının səfirlikləri bu qəbildən sərgilər təşkil etməklə qardaş xalqların mədəni irsinin təbliğinə töhfə versinlər.
Virciniya Morqan-Hayat sərginin təşkilatçılarına təşəkkür edərək təqdim olunan eksponatlarla bağlı düşüncələrini bölüşdü.
Çıxışlardan sonra 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi kollektivinin ifasında türk xalqlarına aid rəqslər təqdim olundu.
Qonaqlar sərgi ilə tanış oldular.
Sərgidə türkdilli xalqların incə tikmələrlə bəzədilmiş zəngin geyim və zərgərlik nümunələri təqdim edilir. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından Gəncə, Qarabağ və digər bölgələrdə müxtəlif texnikalarda hazırlanan XIX əsrə aid zərif parçadan pərdə, toy adətlərini əks etdirən qadın aksesuarları, geyimlər və s. ziyarətçilər tərəfindən maraqla qarşılandı.
Qeyd edək ki, 31 mart tarixinədək ziyarət üçün açıq olacaq sərgi çərçivəsində ustad dərsi və mühazirələr keçiriləcək.
L.Azəri