“İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq”

 

Xəbər verildiyi kimi, 14-16 mart tarixlərində Bakıda, “Gülüstan” Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilib.

Prezident İlham Əliyev martın 14-də Forumun açılış mərasimində çıxış edib. Dövlət başçısının nitqindən bəzi məqamları diqqətə çatdırırıq.

Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Zənnimcə, bu dəfə iştirakçıların sayı rekord həddədir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Beləliklə, biz coğrafiyanı da genişləndirmişik və qonaqlarımız arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal gündəlikdə duran ən mühüm məsələləri dünyanın müxtəlif yerlərində qərar qəbul edənlərin diqqətinə çatdırmaq üçün böyük işlər görür. Mən bir daha şəxsən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə – xanım (Vayra) Vike-Freyberqaya və cənab (İsmail) Serageldinə mükəmməl fəaliyyətlərinə görə minnətdarlığımı bildirmək istərdim.

Ötən görüşümüzdən bu yana dünyada, eləcə də regionumuzda çox hadisələr baş verib. Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə zənnimcə, onların daha geniş fəsadları var. Çünki bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu, həqiqətən də, çox ciddi geosiyasi dəyişiklikdir ki, fikrimcə, həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək.

 

Sülhə nail olmaq üçün bəzən hərbdən istifadə edilməlidir

 

Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq. Biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi.

Beləliklə, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. İndi baş verən də məhz budur. İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu, bizim ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyimiz antiterror əməliyyatının nəticəsidir ki, Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik.

Məhz buna görə son 3-4 il ərzində Azərbaycanda baş verənlərin təkcə lokal xarakter daşıyan bir məsələ olmadığını deyirəm. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Hesab edirəm ki, bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər. Lakin ən başlıca məsələ, əlbəttə ki, bu, beynəlxalq hüququn alilik prinsipinin tətbiq olunması ilə baş tutmalıdır. Beynəlxalq hüququn normaları bizim tərəfimizdə idi, Azərbaycan qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmışdı. Bütün bunlar hamımıza yaxşı məlum olan tarixi faktlardır. Biz ədaləti və beynəlxalq hüququ özümüz bərpa etdik. Bizə heç kəs kömək etmədi, biz bunu özümüz etdik.

İndi isə Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Biz belə hesab edirik. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib.

 

Bizə qarşı cəhdləri uğursuz olan Fransa acığını heykəldən çıxarır

 

Diqqətinizə çatdırmaq istədiyim bir məsələ bizim antiterror əməliyyatı ilə bağlı beynəlxalq reaksiyadır. Beynəlxalq birlik, müxtəlif ölkə və beynəlxalq təşkilatlar öz açıqlamalarında, habelə bizimlə pərdəarxası təmaslarda qeyd edirlər ki, onlar bizim bunu etmək məcburiyyətində qaldığımızı anlayırlar.

Beynəlxalq reaksiya haqqında danışarkən mən bir ölkənin mövqeyini təəssüflə qeyd etməliyəm. Bu mövqe beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir. Bu ölkə Fransadır. Mən buna olduqca təəssüf edirəm, çünki 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib. Çoxsaylı yüksək səviyyəli səfərlər baş tutub, biznes sahəsində fəal təmaslar olub, iki ölkənin 13 şəhəri digəri ilə qardaşlaşma münasibətlərinə malik olub.

Lakin Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib – yəni, etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi.

Təəssüflər olsun ki, bundan sonra baş verənləri normal dərk etmək mümkün deyil. Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi.

Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Fransa hökuməti, Evian meriyasının rəsmiləri tərəfindən buna heç bir reaksiya verilmədi.

Belə olan halda biz israr etdik ki, bu heykəl oradan təxliyə edilsin. Çünki bunu özümüzə təhqir hesab etdik. Bu, bizi alçaltmaq demək idi. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Heykəlin Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilməsi üçün bizə bir neçə ay lazım oldu və hazırda Natəvanın abidəsi oradadır.

Bu, suverenliyimizi bərpa etdikdən sonra üzləşdiklərimizin bir nümunəsidir. Bu, ikili standartların göstəricisidir. Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır.

 

Heç kəsdən asılı olmayan ölkə uğurla inkişaf edə bilər

 

Biz əminik ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COP29-a hazırlıq işləri və tədbirin keçirilməsi zamanı Azərbaycanın fəal tərəfdaşı olacaqdır. COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Dəfələrlə ictimai bəyanatlarda da dediyim kimi, neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Bizim niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir. Artıq yaşıl keçidlə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var.

Ötən ilin oktyabrında biz Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışını etdik. Daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri gedir. Hazırda biz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuluq və həmin layihənin texniki əsaslandırılması demək olar ki, hazırdır.

Beləliklə, birincisi, COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq. Çünki bizim dördillik sədrliyimiz nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Yəni, biz müxtəlif ölkələri bir araya gətirmək imkanına malikik və bu gün iqlim məsələlərinin həll edilməsi üçün məhz buna ehtiyac var.