Mirələkbər İbrahimov adına 153 saylı tam orta məktəbin şagirdləri Novruz bayramı ərəfəsində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq olublar.
Kitabxanadan bildirilib ki, məktəblilər üçün Bahar bayramını simvolizə edən personajların iştirakı ilə şənlik təşkil edilib.
Kitabxananın direktoru Aslan Cəfərov məktəbliləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. O, milli-mədəni dəyərləri, xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri özündə əks etdirən Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən biri olan Novruz bayramının bu gün azad edilmiş torpaqlarımızda təntənə ilə qeyd olunduğunu böyük qurur hissi ilə dilə gətirib.
Məktəbin müəllimi Zinyət Samir insanın vətənə, cəmiyyətə faydalı fərd kimi yetişməsində, elmi biliklərə yiyələnməsində kitabların müstəsna əhəmiyyət daşıdığını söyləyərək, məktəbliləri kiçik yaşlarından kitabı sevməyi, onu qorumağı, asudə vaxtlarında mütaliəyə önəm verməyi tövsiyə edib.
Tədbirdə balaca məktəblilər üçün yazın gəlişini bildirən və xalqımızın milli mənəvi irsini özündə əks etdirən Novruz bayramına həsr edilən videomaterial nümayiş etdirilib, qurama, rəssamlıq, keramika üzərindən məşğələlər təşkil olunub.
Kitabxana tərəfindən şagirdlərə kitablar hədiyyə edilib.