Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin Xalça muzeyi filialında qədim adət-ənənələrimizi əks etdirən Novruz bayramına həsr olunmuş "Bahar sevincləri" adlı tədbir keçirilib.

Tədbirdə qeyd olunub ki, Novruz bayramı insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.

Tədbir bayram konserti ilə davam edib.

***

Xudat şəhər Uşaq musiqi məktəbində “Novruz – milli adət-ənənəmiz” adlı tədbir keçirilib.

Çıxışlarda bildirilib ki, Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz, əslində, yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. İşğaldan azad olunmuş torpaqlara qayıdan soydaşlarımız bu əziz bayramı öz doğma yurdlarında qeyd edirlər.

Tədbirin sonunda konsert proqramı təqdim edilib.

***

Siyəzən rayon Mədəniyyət Mərkəzində “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Quba-Xaçmaz RMİ-nin rəisi Ramil Rəhimov, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müəssisənin qarşısında bayram tonqalı yandırılıb, mərkəzin “Ümid” uşaq rəqs qrupu maraqlı repertuarla çıxış edib. Mərkəzin foyesində həvəskar rəssamların əl işlərindən ibarət sərgi, milli mətbəximizdən nümunələr nümayiş olunub. 

Tədbir M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı ilə davam edib.

Hazırladı: N.Məmmədli