Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq Təhsilinə Yardım üzrə Regionlararası İctimai Təşkilatın (MOOCAO) Memarlıq və dizayn üzrə buraxılış işlərinin XXXII baxış-müsabiqəsinin qaliblərinə fəxri diplomların təqdimetmə mərasimi keçirilib.
AzMİU-dan bildirilib ki, Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova tədbiri açaraq müsabiqə barədə məlumat verib. Qeyd olunub ki, Moskvada keçirilən müsabiqədə ölkəmizi AzMİU-nun Memarlıq fakültəsinin bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan tələbələri təmsil ediblər. Tələbələrin buraxılış işləri yüksək qiymətləndirilib, onlar MOOCAO-nun I (8 iş), II (12 iş) və III (3 iş) dərəcəli diplomlarına layiq görülüblər.
Universitetin rektoru professor Gülçöhrə Məmmədova və Azərbaycan Memarlar İttifaqının sədri, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə çıxış edərək qalib gələn tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Daha sonra I dərəcəli diplom sahiblərinə Memarlar İttifaqının diplom və hədiyyələri təqdim olunub.
Sonda tələbələrin Novruzun gəlişini təsvir edən rəsm və dizayn işlərindən ibarət sərgisinə baxış keçirilib.