"Azərbaycan xalçaçıları" İctimai Birliyi və "NUR Art House" qalereyası xalqımızın qədim ənənələrini özündə cəmləyən Novruz bayramı münasibətilə tələbə-gənclər və həvəskar rəssamlar arasında "Novruz: ənənəyə yeni baxış" adlı maarifləndirici incəsənət müsabiqəsi elan edir.
Layihənin ideya müəllifi "Azərbaycan xalçaçıları" İctimai Birliyinin sədri6 Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevadır.
Layihənin məqsədi milli mədəni irsimizin gənclər arasında təşviqi, ənənəyə klassik və müasir baxışın, nəzəri və təcrübi bilik və vərdişlərinin formalaşması, milli irsimizin zənginləşməsinə xidmət edən yeni meyillərin düzgün əsaslar və qanunauyğunluqlar üzərində qurulmasıdır.
Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçiriləcək:
a) Xalça sənəti və dekorativ -tətbiqi sənət;
b) Təsviri incəsənət.
Müsabiqədə 35 yaşına qədər tələbə-gənclər və həvəskar rəssamlara görkəmli xalçaçı-rəssamların, fırça ustalarının, dekorativ-tətbiqi sənətlə məşğul olan sənətkarların yerli və beynəlxalq sərgilərdə uğurla nümayiş olunmuş, müxtəlif muzeylərin, şəxsi kolleksiyaların ekspozisiyasını bəzəyən məşhur əsərləri təqdim olunacaq və müsabiqə iştirakçıları bu əsərlərə baxaraq surət, replika, reproduksiya, əsərin motivləri əsasında yeni sənət nümunələri yaradacaqlar. Əsərlərlə əyani olaraq 25 mart tarixindən etibarən “NUR Art House” qalereyasında tanış ola və ya qeydiyyatdan keçdikdən sonra elektron formatını poçt vasitəsilə əldə edə bilərsiniz.
Müsabiqə bir ay davam edəcək. Müsabiqə boyu tələbə-gənclər və həvəskarlar qrafik üzrə tanınmış rəssamlarla, müəlliflərlə görüşəcək, onlardan sənətin sirlərini öyrənəcək, məsləhətləşəcək və yeni əsərlərin üzərində işləyəcəklər.
Müsabiqəyə əsərlərin son qəbul tarixi 12 aprel 2024-cü ildir. Müsabiqədə iştirak etmək istəyən tələbə-gənclər və həvəskar rəssamlar qısa yaradıcı tərcümeyi-halını, şəklini, şəxsiyyət vəsiqəsinin scan-versiyasını və maraq göstərdiyi incəsənət növü ilə bağlı məlumatı “Azərbaycan xalçaçıları” İctimai Birliyinin acwu@day.az elektron ünvanına göndərmələri xahiş olunur. Bu məlumatları təqdim edən şəxslər müsabiqə iştirakçısı kimi qeydiyyatdan keçmiş sayılacaqlar. Tanınmış rəssam, sənətşünas və sənətkarlardan ibarət münsiflər heyəti tərəfindən seçiləcək ən yaxşı əsərlərin müəlliflərinə qalib sertifikatları təqdim olunacaq. Müsabiqəyə təqdim olunan bütün əsərlər sərgilənəcək və qaliblərə sertifikatlar sərginin açılışı günü təqdim olunacaq. “NUR Art House” qalereyasının gənc xalçaçı-rəssama hədiyyəsi isə qalib xalça eskizi əsasında toxunacaq xalça olacaq.
Tələbə-gənclər və həvəskarlar üçün ustad dərsləri, məsləhət saatları, əsərlərin qəbulu və yekun sərgi İçərişəhər, Qəsr küçəsi 27 ünvanında yerləşən “NUR Art House” qalereyasında keçiriləcək.