UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ siyahısına çoxmillətli nominasiya kimi (Azərbaycan, Hindistan, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) daxil edilmiş “Novruz” bayramı qurumun mənzil-qərargahında təntənə ilə qeyd edilib.
Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Qazaxıstan, İran, İraq, Hindistan, Özbəkistan, Pakistan, Türkiyə, Türkmənistan və Tacikistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Novruz bayramı təntənəli şəkildə qeyd edilib.
Bayram tədbirinin təşkilat komitəsinin rəhbəri qismində Qazaxıstanın UNESCO yanındakı daimi nümayəndəsi Askar Abdraxmanov çıxış edərək Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıb.
Sonra UNESCO-nun baş direktorunun müavini Sin Ku tədbir iştirakçılarını qurumun baş direktoru Odri Azuleyin adından təbrik edib. Novruz bayramının sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyini, nəsildən-nəslə ötürülən milli mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırıb. Novruzu bəşəriyyət üçün önəmli bayramlardan biri kimi səciyyələndirib və UNESCO-da on ölkənin bu tədbiri birgə təşkil etməsinin möhkəm əməkdaşlıq nümunəsi olduğunu vurğulayıb.
Tədbir çərçivəsində təşkilatçı ölkələrin mədəniyyət nümayəndələri milli musiqi və rəqs nümunələri ifa ediblər. Parisdə yaşayan azərbaycanlı Səddam Novruzbəyov (klarnet) və Neset Kutas (nağara) Azərbaycan xalq mahnısı “Sarı gəlin”, “Novruz gəlir, yaz gəlir”, “Maralı” və “Qazaxı” rəqslərini ifa ediblər.
Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Elman Abdullayev qonaqlara ölkəmizdə Novruz bayramının keçirilməsi ənənələri haqqında məlumat verib.
Zalda böyük ekranlarda hər bir ölkənin Novruz adət-ənənələrinə dair video yayımlanıb. Daha sonra təşkil olunan ziyafətdə milli təamlarımız təqdim olunub.
Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.