Novruz bayramı münasibətilə Ağdaşda ümumrayon tədbiri keçirilib.

Tədbir Ağdaş Rayon İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin (RMİ) birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbir zamanı sərgilənən çoxəsrlik maddi  mədəni irsimizi, qədim adət-ənənələrimizi, milli ruhumuzu özündə əks etdirən əşyalar, milli oyunlar, Pirəzə kənd Folklor evinin “Teşti” folklor kollektivinin, Novruzun əsas personajlarından olan Kosa və Keçəlin əyləncəli çıxışları, ululuq və ağsaqqalıq rəmzi sayılan Dədə Qorqudun bayram tonqalını alovlandırması ilə rənglənən bayram şənliyi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Mədəniyyət müəssisələri əməkdaşlarının təqdimatında səsləndirilən milli və bayram əhvali-ruhiyyəli musiqilər qonaqlarda xoş ovqat yaradıb.

***

Göyçay Rayon İcra Hakimiyyəti və Mərkəzi Aran RMİ-nin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.

Göyçay rayon Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə əvvəlcə Uşaq-gənclər inkişaf mərkəzinin hazırladığı əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

Bayram tədbiri Uşaq-gənclər inkişaf mərkəzi və rayon Mədəniyyət Mərkəzinin hazırladığı maraqlı konsert proqramı ilə davam etdirilib.

***

Ucar Rayon İcra Hakimiyyəti və rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Yurdumuza bahar gəlir" adlı bayram tədbiri keçirilib.

Ucar rayon Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə rayon İcra Hakimiyyətin rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, Ucar rayonu üzrə mədəniyyət müəssisələrinin işçiləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi veteranları, qazilər və rayon ictimaiyyəti iştirak edib.

Milli mətbəxin ləziz təamlarının, Novruz bayramına xas adət-ənənələrin nümayiş olunduğu bayram tədbiri konsert proqramı ilə davam etdirilib.

***

Novruz bayramı münasibətilə Mingəçevirdə ümumşəhər tədbiri təşkil edilib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər ictimaiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhər sakinləri iştirak ediblər.

Bayram şənliyində Mingəçevir şəhəri üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən konsert proqramı təqdim edilib.

Kosa və Keçəlin şən zarafatları, kəndirbazların çıxışları, bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə zəngin olan şənlik iştirakçılara xoş ovqat bəxş edib.

Hazırladı: N.Məmmədli