Əməkdar artist, pianoçu, bəstəkar Emil Əfrasiyab Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edib. Konsert proqramı məşhur cazmen və bəstəkar, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin (1940–1979) anadan olmasının 84-cü ildönümü münasibətilə təşkil olunub.

Tədbirdə şəhərin icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gəncə-Daşkəsən RMİ-nin rəisi vəzifəsini icra edən Pərvin Kazımov, Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti Siyavuş Kərimi, Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov, yerli musiqisevərlər iştirak ediblər.

Konsert proqramında Emil Əfrasiyabın ifasında müxtəlif kompozisiyalar səslənib. Həmçinin qarmon ifaçısı, Xalq artisti Ənvər Sadıqovun bədii rəhbəri olduğu “Qaytağı” instrumental ansamblı, Əməkdar artist Abbas Bağırov çıxış ediblər.

Proqrama Emil Əfrasiyab və Ənvər Sadıqovun müşayiətilə Abbas Bağırov və Ramil Qasımovun ifasında “Ey, Vətən!” mahnısı ilə yekun vurulub.