Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gəncə-Daşkəsən RMİ, F.Əmirova Gəncə Dövlət Filarmoniyası, Gəncə Dövlət Kukla Teatrı və Gəncə Dövlət Dram Teatrının dəstəyi ilə şəhərin Heydər Əliyev adına meydanında Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib.

Tədbirdə rəsmilər, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçılarını elimizin qədim adəti ilə əllərində şərbət olan milli geyimli qızlar qarşılayıb, daha sonra müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızı qonaqları salamlayaraq onlara xeyir-dua verib, xoş arzularını bildiriblər.

Tədbirin davamında Gəncə şəhər Uşaq incəsənət məktəbinin “Xəmsə" nağaraçalanlar ansamblı, Zərif Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbinin aşıq sinfinin şagirdləri, Göygöl rayon Mədəniyyət Mərkəzinin dərnək üzvləri çıxış ediblər.

Gəncə pəhləvanlarının, həmçinin idmançıların güləş, taekvando, bədii gimnastika və digər idman növləri üzrə nümunəvi çıxışları nümayiş olunub.

Meydanda qurulan “Xəmsə çadırları”nda sərgilənən milli geyimlərimiz, "Gəncə səbəti", qədimi qab-qacaq, həmçinin kitab satış-sərgisi və “faceart” şəhər sakinlərinin marağına səbəb olub.

Daha sonra “Gəncəsənət” – incəsənət, sənətkarlıq və yaradıcılıq sərgisinə, Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri, Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin şagirdləri, Gəncə şəhər Gənclər evi SXM-in dərnək üzvlərinin hazırladığı təsviri incəsənət əsərləri və əl işlərindən ibarət sərgiyə baxış olub.

Tədbir Gəncə Dövlət Filarmoniyasının “Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının təqdimatında konsert proqramı ilə başa çatıb.

***

Fikrət Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Gəncə şəhər 4 saylı Uşaqlar evində "Elimizə Novruz gəlir" adlı bayram şənliyi keçirilib.

Tədbirdə Novruz bayramı adət-ənənələrinə aid səhnəciklər göstərilib, müxtəlif musiqilər səsləndirilib. Daha sonra uşaqlara bayram sovqatları paylanılıb.

Sonda uşaq evinin balaca sakinləri bayram şənliyi üçün hazırladıqları mahnı və rəqsləri təqdim ediblər.

Hazırladı: N.Məmmədli