Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall”da baş verən terror aktı və çoxsaylı insan tələfatı ilə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

“Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı.

Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralananlara isə tezliklə şəfa diləyirəm”, – deyə başsağlığı məktubunda bildirilir.

***

Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva vilayətindəki “Crocus City Hall”a silahlı şəxslər tərəfindən hücum edilib. Terrorçular konsert zalına daxil olaraq onlarla insanı güllələyib, sonra binada güclü yanğın törədilib. 13 min kvadratmetr sahəni əhatə edən yanğın martın 23-ü səhərə yaxın söndürülüb. “Crocus City Hall”ın tavanı uçub, üst mərtəbələri tamamilə yanıb.

Terror aktı və yanğın zamanı 100-dək adamın həlak olduğu, təxminən 200 nəfərin yaralandığı bildirilir. Həlak olanların siyahısında azərbaycanlı Hüseynov Vüqar Fuad oğlu da var.

***

“Crocus City” şirkətinin  vitse-prezidenti Emin Ağalarov baş verən terror aktı ilə bağlı İnstaqram hesabında paylaşım edib. O, dəhşətli hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib. “Bu hücum hər kəs üçün dəhşətli bir faciədir. Kədəri ifadə etmək üçün söz yoxdur”, – deyə Emin Ağalarov  paylaşımında qeyd edib.