Daşkənddəki AMM beynəlxalq elmi konfransda təmsil olunub
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Xarəzm vilayətinin mərkəzi Urgənc şəhərində keçirilən “Təhsildə türk xalqları milli mentalitetinin möhkəmləndirilməsinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransda təmsil olunub.
Tədbir Xarəzm Vilayət Hakimliyi və Urgənc Dövlət Pedaqoji Universitetinin (UDPU) birgə iştirakı ilə təşkil edilib.
Konfransı giriş sözü ilə UDPU-nun rektoru dosent Firuzə Madraximova açaraq tədbirdə qardaş türk dövlətləri ilə yanaşı, Malayziya, Hindistan, ABŞ, Rusiya, Almaniyadan da alimlərin qatıldığını bildirib.
Xarəzm vilayət hakiminin birinci müavini Sənət Salayev bu qəbildən tədbirlərin qardaş xalqlar arasında elmi, mədəni, ədəbi əlaqələrin möhkəmlənməsində böyük əhəmiyyətinin olduğunu vurğulayıb.
Türkiyə Cümhuriyyəti On Doqquz May Universitetinin rektoru professor Yavuz Ünal təhsildə milli mentalitetin əhəmiyyətindən söz açaraq ibtidai siniflərdən ali təhsil pilləsinə qədər milli kimliyin təbliği və qorunmasının hər bir fərd üçün vacibliyini qeyd edib.
Özbəkistandakı Heydər Əliyev adına AMM-in inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə milli dəyərlərin təbliği, qorunması, gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edərək bu işdə təhsilin xüsusi rolu olduğunu bildirib. Qeyd edib ki, təhsil aldığı ölkənin milli dəyərlərinin təsirindən yayınmaq məqsədilə gənclərimizdə ilk təhsil pilləsindən etibarən milli kimlik immuniteti gücləndirilməlidir.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov Özbəkistanla Azərbaycan arasında inkişaf edən münasibətlərdən söz açaraq təhsil sahəsində artıq bir neçə layihənin gerçəkləşdiyini qeyd edib.
Konfransda həmçinin Xarəzm vilayəti hakiminin müavini, Ailə qadın-qızlar işləri üzrə şöbənin müdiri Niqora Masharipova, UDPU-nun prorektoru professor Sərdar Xocaniyazov, On Doqquz May Universitetinin şöbə müdiri dosent Mustafa Səid Kurşunoğlu, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri professor Qəhrəman Rəcəbov və başqalarının çıxışları dinlənilib.
Hibrid formatda gerçəkləşən beynəlxalq elmi konfrans daha sonra plenar iclaslarla davam edib.