Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Novruz bayramı ilə bağlı tədbir keçirilib.

Bayram tədbirində Biləsuvarın icra başçısı Faiq Qürbətov, Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Novruzun adət-ənənələrini özündə əks etdirən tədbir iştirakçılara xoş əhvali-ruhiyyə bəxş edib.

***

Şirvan şəhər Mərkəzi Kitabxanası və şəhər Uşaq musiqi məktəbində Novruz bayramına həsr olunan şənliklər təşkil edilib.

Tədbirlərdə çıxış edənlər Novruzun xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramı olduğunu qeyd ediblər.

Hər iki tədbirdə şagirdlərin və musiqi kollektivlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri və xalq musiqiləri və rəqslərdən ibarət rəngarəng konsert proqramı təqdim edilib.

***

Hacıqabul şəhər Uşaq musiqi məktəbində Novruz bayramı münasibətilə konsert proqramı təşkil olunub.

Konsertdən əvvəl Novruz adətlərindən söhbət açılıb, fərqlənən şagird və müəllimlər diplomlarla təltif ediliblər.

Sonda məktəbin müəllim və şagird kollektivinin ifasında rəngarəng musiqilər səsləndirilib.

Hazırladı: N.Məmmədli