Cenevrədəki (İsveçrə) “Les Salons” teatrının səhnəsində Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşası göstərilib. Tamaşa Azərbaycan mədəni irsini təşviq edən, onu Avropada, xüsusilə də İsveçrədə populyarlaşdıran “İrs” (Heritage) Assosiasiyasının təşkilatçılığı ilə təqdim olunub.
Assosiasiya Azərbaycanın zəngin tarixi, musiqi və teatr irsini təşviq etmək məqsədilə tanınmış müəlliflərin əsərlərini yerli ictimaiyyətə təqdim edir. Bu dəfə dahi bəstəkar və dramaturq Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri Cenevrədə nümayiş olunub.
Bakı Marionet Teatrının yaradıcısı və bədii rəhbəri Əməkdar incəsənət xadimi Tərlan Qorçunun konseptual ideyasına uyğun olaraq, Üzeyir Hacıbəylinin yaradıcılıq irsi bu teatrın repertuar siyasətini təşkil edir. “Les Salons” teatrında “Arşın mal alan” tamaşasının nümayişi çərçivəsində “Leyli və Məcnun” marionet tamaşasının kuklaları, tamaşa üçün Azərbaycan, Gürcüstan və Baltikyanı ölkələrin rəssamlarının hazırladığı dekorasiyalar, geyimlər və ağac üzərində oymaların sərgisi də keçirilib.
Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşasına ilk olaraq Cenevrədəki BMT Ofisində çalışan diplomatik korpusun üzvləri baxıblar. Sonra tamaşa iki gün ərzində yerli ictimaiyyət üçün nümayiş etdirilib.