Bu il əlamətdar günün mövzusu “Teatr və sülh mədəniyyəti”dir...
27 mart Dünya Teatr Günüdür (World Theatre Day). Bu gün 1961-ci ildə UNESCO nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun (International Theatre Institute – ITI) Vyanada keçirilən IX konqresində təsis edilib və ilk dəfə 1962-ci ildə qeyd olunub.
Hər il əlamətdar gün münasibətilə görkəmli teatr xadimləri, dramaturqlar ictimaiyyətə müraciət ünvanlayaraq teatr sənətinin mədəni həyat və ümumilikdə insanlıq, bəşəriyyət üçün əhəmiyyətini diqqətə çatdırırlar.
2024-cü il üçün Dünya Teatr Gününün mövzusu “Teatr və sülh mədəniyyəti” müəyyən edilib. Bu münasibətlə UNESCO-nun himayəsi və Beynəlxalq Teatr İnstitutunun iştirakı ilə əsas tədbir 27–29 mart tarixlərində Çinin Langfang şəhərində keçiriləcək.
“Teatr və sülh mədəniyyəti” mövzusunda mesajın müəllifi isə məşhur Norveç yazıçı-dramaturqu, 2023-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Jon Fosse seçilib. Onun müraciəti Beynəlxalq Teatr İnstitutunun rəsmi saytında müxtəlif dillərdə yayımlanıb.
Əlamətdar haldır ki, Azərbaycanda Milli Teatr Günü də Dünya Teatr Günü ilə eyni aya (10 mart) təsadüf edir. Bu il yaranmasının 151-ci ildönümü tamam olan peşəkar milli teatrı sənəti zəngin inkişaf yolu keçib. Milli folklorumuzdan, meydan tamaşa-ayinlərindən qaynaqlanan teatrı ənənələrinin ölkəmizdə tarixi isə uzun əsrlər öncəyə gedib çıxır. 1873-cü ilin martında Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulub.