Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyi və tərəflər arasında davamlı dialoqun mövcudluğu məmnunluqla qeyd edilib.

Milli Məclisin sədri ölkəmizin bu təşkilata və İslam ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür, həmçinin Azərbaycan ICESCO ilə əməkdaşlığı yüksək qiymətləndirir və bu əməkdaşlığa xüsusi önəm verir.

Görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) konfransının əhəmiyyəti və aparılan müzakirələrin aktuallığı vurğulanıb. QHPŞ-də ICESCO-ya müşahidəçi statusunun verilməsinin tərəflər arasında əməkdaşlığa töhfə verəcəyi bildirilib.

Söhbət zamanı Salim bin Məhəmməd əl-Malik ICESCO-nun Azərbaycanla əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu bildirib. O, ötən illərdə Azərbaycana səfərləri çərçivəsində ölkə rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, ICESCO-Azərbaycan Fəaliyyət Planının əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyini bildirib.

Baş direktor Heydər Əliyev Fondunun İslam dünyasında təhsil, elm, mədəniyyət sahələrində gördüyü işləri yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququ qazanmasına, həmçinin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına görə təbriklərini çatdırıb.

***

Qeyd edək ki, Cenevrə şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü konfransı da keçirilib. Konfransda ICESCO-ya QHPŞ-də müşahidəçi statusu verilib. ICESCO Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində müşahidəçi statusu alan dördüncü beynəlxalq təşkilat olub.