Martın 27-də dünyaşöhrətli musiqiçi və ictimai xadim Mstislav Rostropoviçin (1927–2007) anadan olmasının 97-ci ildönümü tamam olur.

Mstislav Rostropoviç hələ sağlığında XX əsrin ən nüfuzlu violonçel ifaçısı kimi tanınıb. O, violonçel ifaçısı və dirijor olaraq çoxsaylı mükafatlara layiq görülüb. Bir neçə dəfə “Qremmi” laureatı olub və həmçinin “İlin adamı” seçilib. Bu titullarla yanaşı, onun üçün daha dəyərli bir neçə ad da var – xeyriyyəçi, təbiət mühafizi, “dünya vətəndaşı”, insan hüquqlarının müdafiəçisi.

Maestronun çoxyönlü və yorulmaz fəaliyyəti diqqətəlayiqdir. O, həyatını nəinki musiqiyə həsr edib, insanların onun yüksək istedadından həzz almasına imkan verib. Eyni zamanda xeyriyyəçilik maestronun həyatının ayrılmaz hissəsi olub. Onu yaxından tanıyan insanlar əminliklə deyirdilər ki, M.Rostropoviç böyük musiqiçi olmasaydı, heç şübhəsiz, böyük siyasətçi, hüquqşünas ola bilərdi.

M.Rostropoviç istedadlı insanları hiss edirdi. Həm dahilərlə, həm də sadə insanlarla ünsiyyətə açıq idi. Onun özünə yalnız adı ilə – Slava deyə müraciət etmək barədə tələbi statusundan və yaşından asılı olmayaraq, çoxlarını çaşdırırdı. Eyni zamanda ünsiyyətdəki maneələri məhv edirdi. Vəzifə və peşəsindən asılı olmayaraq hər kəs onun üçün eyni idi. O bütün insanlığa qollarını açmışdı. “Mən bütün həyatımı vicdanla yaşadım və həyata yenidən gəlsəm, həyatımı yenə də mənən və əxlaqi cəhətdən dəyişmədən yaşayardım”.

Ancaq Slavanın doğulduğu dünya ona başqa qaydalar qoydu. Problem qaydaları başa düşməməsi deyil, daha doğrusu, haqq, ədalət tərəfdarı olduğu üçün onlara uyğun gəlməməsi idi. Ona görə də sovet hakimiyyəti onu bir çox səhvlərə yol verib, hətta zərərli addımlar atmaqda günahlandırdı. Qeyd edək ki, M.Rostropoviç heç zaman hakimiyyətə müxalif olmamışdı. Buna səbəb M.Rostropoviçin xeyriyyəçiliyi, insansevərliyi idi. Hələ gəncliyində o, dahi musiqiçilər Sergey Prokofyev və Dmitri Şostakoviçə də kömək etmişdi və hakimiyyət onun bu addımına göz yummuşdu. Çünki həmin vaxt maestronu xaricdə sevirdilər və o, qastrol səfərlərində ölkə üçün böyük qonorarlar qazanırdı. M.Rostropoviç S.Prokofyevlə olan yaxın münasibəti barədə bunları demişdi: “Dürüstlük və saflığı mənə verən Allahdır. Ancaq D.Şostakoviç və S.Prokofyevlə yaxın münasibətim də bu mənada mənə çox şey bəxş edib”.

Ancaq hakimiyyət onun A.Soljenitsın ilə dostluğunu bağışlaya bilmədi və onun bu addımını siyasiləşdirdi. M.Rostropoviç yalnız istedadlı musiqiçi deyildi. O həm də vətənin taleyini özündən heç vaxt ayırmayan ictimai xadim idi. Təsadüfi deyil ki, onun taleyi özü kimi istedadlı insanların taleyi ilə sıx bağlanmışdı. Gələcək Nobel mükafatı laureatı Soljenitsın sovet hakimiyyətinin təqibindən qurtulmaq üçün M.Rostropoviçin bağında gizlənirdi. M.Rostropoviç 1969-cu ildə həyat yoldaşı Qalina Vişnevskaya ilə birlikdə Soljenitsına Moskva yaxınlığındakı bağ evində sığınacaq verdi və ona müəyyən vaxt burada yaşamağı təklif etdi. O deyirdi: “İmkan vermərəm kimsə mənim evimdə sənə toxunsun. Mən istəyirəm ki, yaradıcılıq üçün sənin hər şəraitin olsun”.

M.Rostropoviç və Q.Vişnevskaya azad ruha malik idilər və ümumi rəyə uyğunlaşa bilmirdilər. İstedad və zəhmətkeşlik onları karyera nərdivanında əzablı və yavaş irəliləməkdən xilas edirdi. İstedadı olmayan musiqiçilər və hakimiyyət orqanları onlarla birmənalı davranmadılar. Dəyərli məşhurlara çox şeyi bağışlayardılar amma hər şeyi yox. 1974-cü ildə M.Rostropoviç repressiyalara görə həyat yoldaşı, opera müğənnisi Q.Vişnevskaya və iki qızı ilə SSRİ-dən ABŞ-yə mühacirət etməyə məcbur oldu. Nəticədə maestro 1978-ci ildə sovet vətəndaşlığından, bütün titullardan, SSRİ-nin mədəni həyatından tamamilə məhrum oldu. Onların vətəndaşlığı yalnız 1990-cı ildə bərpa olundu. Bu illəri xatırlayan xalqımızın Ümummilli lideri Heydər Əliyev uzun illər sonra həmyerlimizin məhz bu xüsusiyyətlərini yüksək dəyərləndirərək M.Rostropoviçə deyirdi: “Mənən azad olmayan sənətkar yarada bilməz” müddəasını özündə əks etdirən yaradıcılıq əqidəniz insan haqlarının müdafiə olunması sahəsindəki fəaliyyətinizdə də öz ifadəsini tapmışdır”.

M.Rostropoviç dünya vətəndaşı idi. Bir çox ölkələr ona vətəndaşlığını təklif etsə də, o bundan imtina edib və heç bir vətəndaşlığın olmamasını üstün tutub. Hətta Monako şahzadəsi Qreysin hazırladığı 1 nömrəli pasportda yazılıb: “Vətəndaşlığı müəyyən edilməyib”. Və M.Rostropoviç özü belə deyirdi: “Mən qəti qərara gəldim ki, vətəndaşsız öləcəyəm. Heç kimə aid olmamaq xüsusi hissdir”. Bu sözləri maestro sovet vətəndaşlığından məhrum edildikdən sonra demişdi. Ancaq onun kimi ruhən azad, yalnız insani hisslərin, mərhəmətin diktəsi ilə yaşayan insan bu sözləri söyləyə bilərdi.

Maestro uzun aradan sonra – yalnız 1991-ci ildə demokratiyanı müdafiə etmək üçün vətəninə – Moskvaya qayıdır. Daha sonra o, böyük könüllü olaraq gənc istedadları dəstəkləyir və xəstə uşaqlar üçün xeyriyyə xarakterli konsertlər təşkil edir, dostlarına, heç tanımadığı adamlara kömək edir. Çünki onun üçün yad adam yox idi. Maestro deyirdi: “Bəli, mən çox xeyriyyə konsertləri verirəm. İzahı belədir: oynadığım hər ölkədə vergi ödəyirəm. Xeyriyyə konsertləri mənim Allaha vergimdir. Bizi vətəndaşlıqdan məhrum edən zaman, hətta ondan 4 il əvvəl heç nəyə ümid etmirdim. Biz Qərbə bir qəpik pul olmadan getdik və anidən ikinci həyatımız başladı. Orada məni dinləmələri, yaxşı davranmaları gözlənilməz və sevindirici idi. Bu sevinci bölüşmək lazımdır, əks halda o sevinc natamam olacaq. Belə ki, xeyriyyəçilik fəaliyyətini yalnız Allah üçün deyil, öz ruhunuz rahatlıq tapsın deyə edin”.

M.Rostropoviç həyatı boyu musiqiyə xidmət edib. O hesab edirdi ki, vətəni istedadlı gənclərlə zəngindir və onların tam şəkildə üzə çıxarılmasına kömək etmək lazımdır. Məhz bu məqsədlə o, Rusiyanın hər yerindən istedadlı ifaçılara yardım göstərmək üçün nəzərdə tutulmuş Gənc Musiqiçilərə Dəstək Fondunu yaradır. 2007-ci ildən Olqa Rostropoviçin rəhbərlik etdiyi fondun missiyası musiqiçilərə peşəkar karyeralarının başlanğıcında yaxşı təhsil almaq, yüksək səviyyəyə çatmaq və dünya səhnəsinə çıxmaq imkanı verməkdir.

M.Rostropoviç karyerası ərzində yüzdən artıq xeyriyyə konsertinə imza atıb. 1989-cu ildə yıxılan Berlin divarı qarşısında da sülh konserti verib. Zəlzələ qurbanlarına, qaçqınlara, xərçəng xəstəliyinə tutulmuş uşaqlara kömək məqsədilə bir sıra ölkələrdə xeyriyyə konsertləri ilə çıxış edib. O, Amazon meşələrinin xilas edilməsi, müğənni Stinqin tropik meşə fondu, heyvanların rifahı fondu və nəsli kəsilməkdə olan dəniz heyvanları fondu üçün vəsait toplamaq üçün xeyriyyə konsertləri verib. İordaniya şahzadəsi Sarvatın himayəsi altında Müsəlman Qadınlar Assosiasiyası tərəfindən əlilliyi olan uşaqların xüsusi təhsili üçün vəsait toplanmasında, Herod Atticusda (Akropolis) təşkil olunan qala-konsertdə iştirak edib. Saxarov fondu, Moskvada İsa Məsih Kilsəsinin yenidən qurulması üçün vəsait toplamaq məqsədilə konsertlər verib. Milandakı xeyriyyə konsertindən əldə olunan gəlir qaçqınlara yardım fonduna, xeyriyyə konsertlərindən əldə edilən gəlirlərin bir qismini isə almaniyalı violonçelçi tələbələrin təhsilinə bağışlanıb.

2003-cü ildə M.Rostropoviç Vilnüsdə xeyriyyə konsertində litvalı musiqiçilərlə birlikdə çıxış etdi.  Həmin konsertdən əldə olunan gəliri Uşaq Onkologiya Xəstəxanasına tibbi avadanlıqların alınması üçün bağışladı.

O, 1992-ci ildə həyat yoldaşı Q.Vişnevskaya ilə birlikdə Vaşinqtonda uşaqlara yardım xeyriyyə fondunu təşkil etdi. Fondun əsas məqsədi uşaqların sağlamlığının qeydinə qalmaq idi. Fəaliyyəti ərzində fond uşaq tibb müəssisələrini tibbi avadanlıq, dərman və ərzaq məhsulları ilə təmin edib. Maestro gənclərin viruslu hepatit B-yə qarşı peyvənd olunması proqramının həyata keçirilməsinə böyük diqqət yetirib.

Həmyerlimiz M.Rostropoviç Azərbaycan üçün də bir çox xeyriyyəçilik işlərinə imza atıb. 2002-ci ildə Bakıda Q.Vişnevskaya və M.Rostropoviç xeyriyyə fondu yaradılıb. Fond 10 ildən artıq müxtəlif proqramlarla fəaliyyət göstərib.

Maestronun Bakıya gəlişlərini nəzərdən keçirsək, hər gəlişində Azərbaycan xalqının mədəni inkişafına yönəltdiyi addımların sayının hesabsız olduğunun şahidi oluruq. Belə ki, M.Rostropoviçin Azərbaycan üçün həyata keçirtdiyi böyük layihələrdən biri Yaponiya hökumətindən Azərbaycan Dövlət Simfonik Orkestri üçün musiqi alətləri əldə etmək məqsədilə aldığı qrand idi. O, layihə üzərində 3 ildən artıq işləyib. Yalnız 2002-ci ildə maestronun böyük nüfuzu sayəsində “Yamaha” firması tərəfindən bütün simfonik orkestr üçün yeni musiqi alətləri Bakıya gətirildi və Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) təqdimat mərasimi keçirildi.

Elə həmin il maestronun böyük səyi nəticəsində ABŞ-nin “Qlobal vaksinasiya” fondu və “Vişnevskaya-Rostropoviç” хeyriyyə fondu ilə birlikdə Azərbaycana hepatit əleyhinə vaksinlər gətirilir. Bunun nəticəsində bir milyona yaхın uşaq qızılca, məхmərək və parotitə qarşı peyvənd edildi.

Ümummilli lider Heydər Əliyev 2002-ci il M.Rostropoviçin 75 illik yubileyi münasibətilə maestro ilə baş tutan görüşdə onun bu xeyirxah addımını belə dəyərləndirib: “Siz bizə “Qlobal peyvənd fondu”nun nümayəndə heyəti ilə gəldiniz və buraya dəyəri bir milyon dollardan çox olan peyvənd gətirdiniz. Bu respublikamıza böyük köməkdir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu ən mühüm sahədə – uşaqların sağlamlığı sahəsində böyük işdir”.

Doğma Azərbaycanı üçün etdiyi böyük nailiyyətlərə görə Rostropoviç Azərbaycan Respublikasının ən yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif edildi. Ordeni M.Rostropoviçə təqdim etdiyi zaman maestro “malik olduğum 42 orden arasında mənim üçün ən əziz ordenlərdən biridir” deyə Heydər Əliyevə öz dərin minnətdarlığını bildirdi.

Heydər Əliyev və M.Rostropoviçin birgə səyi nəticəsində Azərbaycanda daha bir əlamətdar hadisənin baş verdiyini qeyd etməliyik. Azərbaycan Dövlət Akademik Filarmoniyanın bərpası məhz Ulu öndərlə böyük musiqiçinin birgə təşəbbüsünün nəticəsi idi.

Qeyd edək ki, mühacirət həyatı musiqiçinin beynəlxalq şöhrətinin çiçəklənmə dövrünə çevrilir – qastrol səfərləri, beynəlxalq mükafatlar, nüfuzlu universitetlərin və musiqi akademiyalarının (Harvard, Oksford və s.) fəxri doktoru adına, Fransa, İtaliya, Danimarka, İsveç, Belçika, İspaniya, Venesuela, Ekvador və digər ölkələrin dövlətlərin mükafatlarına layiq görülür. Fransa, Böyük Britaniya, Almaniya və ABŞ-də "İlin adamı" elan edilir. Eyni zamanda insan hüquqları və xeyriyyəçilik sahəsindəki fəaliyyətinə görə Beynəlxalq İnsan Hüquqları Liqasının illik mükafatına və Britaniyanın “Cəngavər Komandir” adına layiq görülür. 2007-ci ildə Rusiyanın "Xidmətlərə görə" ordeni ilə təltif edilir və UNESCO-nun xoşməramlı səfiri olur. M.Rostropoviç UNESCO ilə birlikdə incəsənət və siyasətdə ifadə azadlığını təmin etmək üçün çalışıb. Təşkilatın işlərinə sadiq qalan Rostropoviç təhsil və mədəniyyət layihələrinə öz dəstəyini verib, beynəlxalq statusundan istifadə edərək UNESCO-nun məktəblərdə incəsənət təhsili ilə bağlı müraciətini təbliğ edib.

M.Rostropoviç bir musiqiçinin əldə edə biləcəyi ən böyük uğurlara imza atıb, ən dəyərli mükafatlara layiq görülüb. Ancaq onun əldə etdiyi ən dəyərli mükafat illər, əsrlər keçsə də, insanların ona qarşı qəlbində yaşadacaqları sevgi və hörmətdir.

Səbinə Qurbanova
Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin böyük elmi işçisi